Noyabrın 17-dəTəhsil İnstitutu tərəfindən 151 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində fəaliyyət göstərən metodistlərlə geniş tərkibli görüş keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində metodik xidmətin inkişaf etdirilməsi, mövcud fəaliyyətin təhlili, metodistlərin fəaliyyətində mövcud problemlərin müəyyənləşdirilməsi və həll yollarının formalaşdırılması olub.
Görüş zamanı metodik xidmətin əsas istiqamətləri, 4–6-cı sinif monitorinq nəticələrinin təhlili və inkişaf istiqamətləri, “Müəllim İnkişaf Portalından” səmərəli istifadə, “BilBacar” layihəsi haqqında məlumatlandırma və qiymətləndirmə üzrə təqdimatlar edilib və geniş müzakirələr aparılıb.
Təqdimatlardan sonra metodistlərin fəaliyyət prosesi zamanı qarşılaşdıqları əsas çətinliklər müzakirə olunub. BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində fəaliyyət göstərən metodistlərlə yanaşı, aparıcı metodistlər , baş metodistlər, MÜTDA əməkdaşları və ARTİ-nin Metodik Dəstək Mərkəzinin heyətinin də iştirak etdiyi görüşdə metodistlərlə oxu bacarıqlarının inkişafı istiqamətində praktik tapşırıqlar icra edilib və müzakirələr aparılıb.