Logo

Professor Fərrux Rüstəmov: Nizami Gəncəvi İslam intibahının mədəni-mənəvi sütunudur

27.10.2025 13:52 45 baxış
IMG

Türkiyənin Ərzurum şəhərində Atatürk Universiteti, Azərbaycan Mədəniyyət Mərkəzi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Nizami Gəncəvi Fondunun birgə təşkilatçılığı ilə “Türk fəlsəfi düşüncəsinin dahisi: Nizami Gəncəvi” mövzusunda beynəlxalq simpozium keçirilib. Tədbirə Atatürk Universiteti ev sahibliyi edib. Simpoziumda Atatürk Universitetinin professoru Nimet Yıldırımın Nizami Gəncəvinin orijinaldan türk dilinə tərcümə etdiyi “Sirlər xəzinəsi” və “İsgəndərnamə” poemalarının nəşrlərinin də təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor “Nizami Gəncəvinin əxlaq dərsləri” mövzusunda məruzə ilə çıxış edib.

Professor Fərrux Rüstəmov TƏHSİL.BİZ-ə müsahibəsində bildirib ki, simpozium həm elmi, həm mədəni, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Belə tədbirlər Azərbaycan və Türkiyə alimlərinin birgə fəaliyyətini təşviq edir, Nizami Gəncəvinin zəngin ədəbi irsinin dünya elmi mühitində tanıdılmasına və qorunmasına xidmət edir. Bu simpozium türklərin ortaq mədəni dəyərinin xalqlar arasında birləşdirici rol oynadığını sübut edir.

Qeyd edək ki, professor Fərrux Rüstəmov məruzəsində Nizami Gəncəvini yalnız klassik şair kimi deyil, bəşəri düşüncəyə təsir göstərən böyük fəlsəfi-etik fikir ustadı, humanist mütəfəkkir və mənəvi kamillik ideyasının banilərindən biri kimi xarakterizə edib. O, Nizamini İslam intibahının mədəni-mənəvi sütunu və simvolu, mənəvi-estetik zirvəsi, humanist düşüncə məbədinin ruhu kimi səciyyələndirib. Məruzədə qeyd olunub ki, Nizami Gəncəvi əxlaqşünaslıq məktəbinin banisi, ədalət, mənəviyyat, mərhəmət və humanizm ideyalarının təbliğatçısı kimi dünya mədəniyyəti tarixində xüsusi yer tutur və onun ideyaları bu gün də bəşəri dəyərlər sistemi üçün aktuallığını qorumaqdadır.

Tədbirin açılış mərasimində Atatürk Universitetinin rektoru professor doktor Ahmet Hacımüftüoğlu və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri doktor Füzuli Məcidli çıxış edərək iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafında Nizami Gəncəvi irsinin xüsusi rol oynadığını vurğulayıblar.

Simpozium Nizami Gəncəvi Vəqfinin həmtəsisçisi Arzu Təbrizli və Atatürk Universitetinin əməkdaşı Şeyda Arısoyun moderatorluğu ilə davam edib.

Simpoziumda “Nizami Gəncəvinin bənzərsiz şah əsəri “Xəmsə”nin türk dilinə tərcüməsi”, “Nizami Gəncəvi yaradıcılığı ilə bağlı filoloji tədqiqatlar”, “Nizami Gəncəvi və “Şeyx Nizami Vəqfi” haqqında tədqiqatlar”, “Nizami Gəncəvi yaradıcılığında ölüm fəlsəfəsi”, “Şeir hüququ: Nizami Gəncəvinin şeiri məşhurlaşdırma cəhdi”, “Nizami Gəncəvi yaradıcılığında həqiqi məhəbbət: Leyladan Mövlaya gedən sevda”, “Nizami Gəncəvinin əsərlərində Türküstanın sərhədləri”, “Nizaminin dünya mədəniyyət irsinə qoyduğu miras”, “Türkiyədə Nizami bibliyografiyası” mövzularında məruzələr dinlənilib.

Tədbir çərçivəsində azərbaycanlı tədqiqatçılar türk xalqlarının dilini, ədəbiyyatını, mədəniyyətini təbliğ edən mərkəzlə, açılması nəzərdə tutulan Nizami Gəncəvi auditoriyası ilə yaxından tanış olub, tədqiqat əsərlərini alim həmkarlarına və universitet kitabxanasına hədiyyə ediblər.

Xəbər lenti