Azərbaycanda ali təhsil sistemində 2022-ci ildən etibarən genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində həm ali məktəblərə qəbul olunan tələbələrin, həm də dövlət sifarişli yerlərin sayı əhəmiyyətli dərəcədə artıb.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli oktyabrın 25-də Bakıda keçirilən “Avropada təhsil” sərgisində çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, görülən tədbirlər nəticəsində hazırda ölkədə hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil alır:
“Bu göstərici çox önəmlidir və Azərbaycanın təhsil sistemində aparılan məqsədyönlü islahatların nəticəsidir. Təhsil haqları ilə bağlı yanaşmalar, dövlət proqramları və yeni təşəbbüslər bu artımı şərtləndirib”, – deyə Həsən Həsənli qeyd edib.
H.Həsənli Azərbaycanın ali təhsil məkanında Avropa standartlarına uyğun bir sıra uğurlu layihələrin reallaşdığını da vurğulayıb:
“Hazırda ölkəmizdə fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti ilə birlikdə yaradılan “Sabah” qrupları, həmçinin İtaliya və ABŞ universitetləri ilə birgə layihələr bu əməkdaşlığın bariz nümunəsidir. Bu təcrübələr gələcəkdə daha çox ikili diplom proqramlarının genişlənməsinə zəmin yaradacaq”, – deyə nazir müavini əlavə edib.
Həsən Həsənli xaricdə təhsil sahəsində də mühüm yeniliklərin baş verdiyini bildirib:
“Cənab Prezidentin qərarı ilə xaricdə təhsil üzrə Dövlət Proqramı yenidən bərpa olunub. Hazırda hər il 500 gəncimiz dövlət vəsaiti hesabına xarici universitetlərdə təhsil alır. Onlardan təxminən 200-ə yaxını Avropa ölkələrində oxumağa üstünlük verir. Bu sayın artacağına inanırıq”, – deyə o vurğulayıb.
Nazir müavini həmçinin Macarıstanla imzalanmış müqavilə çərçivəsində 200 azərbaycanlı tələbənin həmin ölkədə dövlət dəstəyi ilə təhsil aldığını xatırladıb və digər dövlətlər arasında da oxşar proqramların mövcud olduğunu qeyd edib.
“Bu gün burada təmsil olunan Avropa universitetləri ilə əməkdaşlığın əsas məqsədi ikili diplomların, ortaq tədris proqramlarının və tədqiqat layihələrinin genişləndirilməsidir. Güclü tərəfdaşlıq həm tələbə mübadiləsinə, həm də gələcək layihələrin reallaşmasına mühüm töhfə verəcək”, – deyə Həsən Həsənli çıxışını yekunlaşdırıb.