Logo

Bağça tərbiyəçisinin qapazı kimin başına dəydi?

14.01.2022 08:39 508 baxış
IMG

Min dəfə, milyon dəfə axtarmışıq: dil harda güclüdür, harda göz daha səlisdir?

Ədəbiyyat, yəni sözmü kəsərlidir, yoxsa kino, gözmü?

Mən bu sualın qabağında min-min cavablarla tərksilaham. Məsələn, rejissor axtarıram ki, Vaqif Bayatlınının bu bəndindəki üçüncü misranı lentə ala bilsin:

Gedirəm gözümdə bir dəvə kini
Gedirəm qolumda küçə davası
Bahar budaqlardan çəkilən kimi
çəkildi başımdan sevda havası...

Bir daha eşq nədir, bilməyəcəm mən
Bir daha heç kəsi sevməyəcəm mən.

Və şair axtarıram ki, bağrında yüz-yüz şəhid arzular daşıyan bir şəhid anasının özcə balasının quru mərmərinə baxan gözlərini misraya salsın.

Görüntü və mətn müqayisəsini açmaq nəyə lazım?

Ötən gün yayılan, daha doğrusu, həssas qəlblərə qurğuşun kimi yayılan bir video var; bağça tərbiyəçisi guya tərbiyə etdiyi uşağı telefonla çəkir və ona tikəsini ağzında saxlamağı tövsiyyə edir ki, şəklini çəksin. Yəqin həmin şəkli uşağın anasına göndərəcək. Göndərəcək ki, hansısa ofisdə dəridən-qabıqdan çıxan, üç quruşa tərk tökən və bu üç quruşa görə balasını yad əllərə etibar etməyə məcbur qalan anası bəxtiyar olsun; balam yemək yeyir.

Sən gəl, uşağa bunu başa sal... O, qığıldayır... Tərbiyəçini razı salmaq istəyir... Tərbiyəçi deyir ki, tikəni ağzında saxla. O da tikəni ağzına aparır, hərçənd dişləyib ağzından çəkir. (Körpədir, artistliyi bacarmır)

Bu zaman həmin qadın (müəllim) uşağın gözləmədiyi halda onun başına qapaz vurur. Uşaq nə baş verdiyini bilmir və həyata uzağı 3-4 ildir baxmağa başlayan o məsum gözlərini müəlliminə dikir.

Görəsən nə oldu... Sonra körpə əlini qapazdan ağrıyan başında gəzdirir... Nəsə qığıldayır: başi, onu... 

Bu videodan yazmaq, yazmaq, yenə yazmaq olar, ancaq bu ağ səthdə qara işarələr – hərflər o məsum cocuğun çöhrəsindəki ifadəninin təqdimatından çox sönük qalacaq.

Mən həmin videoya dəfələrlə baxdım və dəfələrlə ağladım... Sosial şəbəkə hesabımda paylaşdım və öz hesabımdakı paylaşım bitən kimi ardınca avtomatik əvvəl paylaşdığım bir video gəldi: qızım Asiya Mikayıl Müşfiqin şeirini deyir, ancaq səhv deyir... Bir də bu videoya baxıb ağladım.

Ağlayırıq və bizi ağladan xeyli şeylər var bu ölkədə.

Əfsus.... Bizi ağladanlara inadən gözəl adam olmağa cəhd eləmirik, özümüzü əzirik...

Övladının yemək yeyərkən şəklini çəkməyi tapşıran, formallıq içində boğulan sıravi azərbaycanlı ana...

Artıq alacağı iki-üç manata görə vicdanını, əxlaqını satan “müəllim”...

Və bu obrazları yetişdirən biz.

Üç yaşlı körpənin başına qapaz vuran o gəlinlə necə davranmalıyıq?

O qadın kimdir?

O gəlinin kimliyindən daha vacib bir məsələ həmin müəllimin obrazıdır. Nə pis ki, belə obrazlarımız var. Onlar bu gün iki manata görə məsum cocuqların başına kəskin qapazlar vura bilir.

O qapazlar ki məsumların başına dəyir, onlar bizim gələcəyimizə, ümidimizə dəyir.

Gözəl-gözəl ölkələrdə olduğu kimi bizdə də, körplərin başına qapaz vuran, vurmaq potensialı olan adamlar dörd divar içində olsun, vəhşilikləri dişiləriylə dırnaqları arasında qalmalıdır. 

Ancaq təəssüf ki, belə adamlar bizim övladlarımıza “tərbiyə” verir. 

İndi siz cavab verin, o qapaz kimin başına dəyir?

Bilirəm, indi biri tapılacaq və o adam deycək: “guya həmin müəllim həbs olunan kimi ölkə düzələcək?”

Bilmirəm, bəlkə də həmin tərbiyəçi həbs olunsa, layiqli cəzasını alsa, ölkə yenə də düzəlməyəcək, ancaq əminəm ki, həmin “tərbiyəçi” layiqli cəzasını almasa, ölkə heç vaxt düzəlməyəcək. 

Biz məhv ola bilərik, ancaq unutmalı deylik ki, kül həmişə közün üstünü örtüb onu sabaha saxlamağa çalışır. Biz kül olsaq da, çalışmalıyıq, gələcəyimizi sabaha diri saxlayaq.

Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün

Xəbər lenti