Logo

Professor: Milli musiqi alətlərimiz Azərbaycan xalqının mənəvi kimliyinin ayrılmaz parçasıdır

21.11.2025 08:28 68 baxış
IMG

Noyabrın 20-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunmuş I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu öz işinə başlayıb.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru professor Mahirə Hüseynova AMEA-nın 80 illik yubileyi ərəfəsində keçirilən elmi tədbirlərin, simpoziumların böyük elmi və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. O, dövlət başçısı İlham Əliyevin yubiley mərasimindəki proqram xarakterli çıxışının elm ictimaiyyəti üçün mühüm yol xəritəsi rolunu oynadığını qeyd edərək, Prezidentin Azərbaycan dilinin saflığının qorunması, ölkə elminin gücləndirilməsi və vətəndaşlıq məsuliyyətinin artırılmasına dair çağırışlarının əhəmiyyətini vurğulayıb.

Professor Kalvalı Əli Dədənin irsinin gənc nəslə tanıdılmasının vacibliyinə toxunaraq bildirib ki, 150 il əvvəl “kalvalı” olmaq böyük sənətkarlıq, dərin mənəvi dəyərlər və ustalıq tələb edirdi. Bu kimi simpoziumlar milli yaddaşımızın, musiqi düşüncəmizin və folklor irsimizin öyrənilməsi baxımından son dərəcə əhəmiyyətlidir.

Mahirə Hüseynova milli musiqi alətlərinin – sazın, neyin, balabanın, zurnanın Azərbaycan xalqının mənəvi kimliyinin ayrılmaz parçası olduğunu vurğulayıb. O, Qarabağ müharibəsinin dərdlərini, şəhid analarının ağrı-acısını musiqidə ifadə edən neyin yanıqlı səsinin xalqın yaddaşında xüsusi yer tutduğunu bildirib: “Musiqi də söz qədər dəyərlidir, qiymətlidir. İnsanın deyə bilmədiklərini musiqi deyir”.

Alim qeyd edib ki, bu kimi tədbirlər gənclərin maariflənməsinə, biliklərinin zənginləşdirilməsinə mühüm töhfə verməklə yanaşı, onların milli musiqi irsinə, mənəvi dəyərlərimizə marağını artırır: “Zurna və balaban kimi milli alətlərimizin ritmi qanımızda yaşayır, ədəbiyyatımıza hopub, dərdlərimizi və sevincimizi ifadə edir”.

 

 

 

Xəbər lenti