Logo

“Birlikdən biliyə” layihəsi başa çatıb

20.11.2025 20:47 31 baxış
IMG

Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə həyata keçirilən “Birlikdən biliyə” layihəsi başa çatıb.

ASAP-dan bildirilib ki, beş ay davam edən layihə çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan kimi türk dövlətlərində təhsil almış azərbaycanlı gənclərin iştirakı ilə keçirilən silsilə təlimlərdə həmin ölkələrin təhsil sistemləri, tətbiq olunan müasir tədris modelləri və pedaqoji yanaşmalar təhlil olunub.

Layihənin mühüm istiqamətlərindən biri də təhsildə süni intellekt və innovativlik mövzusu olub. Təlimlər zamanı rəqəmsal texnologiyaların tədris prosesində istifadəsi, qiymətləndirməyə təsiri, fərdi öyrənmə trayektoriyalarının qurulması və rəqəmsal vasitələrin pedaqoji prosesə inteqrasiyası kimi məsələlər barədə danışılıb. Bununla yanaşı, müəllimlərin peşəkar inkişafı, beynəlxalq tədris standartları və metodik hazırlığın gücləndirilməsi kimi mövzular da nəzərdən keçirilib.

İştirakçılar təhsil müəssisələrində sosial-ictimai həyatın təşkili, tələbə mühitinin formalaşdırılması, psixoloji rifah və dərsdənkənar fəaliyyətlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparıb, təlimlərin praktiki hissəsində real tədris situasiyalarının həlli üzərində işləyərək sinif idarəetməsi, şagird motivasiyası və müasir pedaqoji çağırışlarla bağlı bacarıqlarını təkmilləşdiriblər.

Qeyd edək ki, layihənin məqsədi türk dövlətlərində təhsil almış azərbaycanlı gənclərin təcrübəsini azərbaycanlı gənc müəllim və pedaqoji ixtisaslarda təhsil alan tələbələrlə bölüşmək, iştirakçıların müxtəlif ölkələrin təhsil sistemləri ilə tanışlığını artırmaq və bu biliklərin Azərbaycan təhsil mühitinə inteqrasiyasını təşviq etmək olub.

Xəbər lenti