Noyabrın 18-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, iclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
Tarix elmləri doktoru İlqar Niftəliyev çıxışında bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 3 noyabr 2025-ci il tarixində AMEA-nın 80 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Akademiyanın alimləri, o cümlədən tarixçilər qarşısında mühüm vəzifələr qoyub, Azərbaycan elminin mühüm strateji istiqamətlərini müəyyən edib. Tarix elmi qarşısında əsas vəzifələr sırasında Azərbaycanın tarixinin təhriflərdən qorunması, yeni elmi araşdırmaların - xüsusilə kartoqrafiya sahəsi və itirilmiş torpaqların tarixinə dair tədqiqatların genişləndirilməsi, həmçinin bu istiqamətdə əldə olunmuş nəticələrin elmi ictimaiyyətə və geniş auditoriyaya sistemli şəkildə təbliği xüsusi əhəmiyyət kəsb edir.
“Ermənilərin uzun illər ən çox təhrif etdikləri Qarabağın, Zəngəzurun və İrəvan bölgələrinin tarixi olub. Sovet dövründə bu təhriflərin (tək-tük alimlərimizi çıxsaq) əsasən cavabsız qalması bizi yeni faciələrlə üz-üzə qoymuşdu. Sovet dövründə Azərbaycan tarixşünaslığında ayrıca Qarabağın tarixinə həsr olunmuş elmi əsərlər yox idi. Qarabağın tarixi DQMV tarixi adı ilə tədqiq olunurdu. Həmin əsərlərin də müəllifləri ermənilər idi. Bu kitablar əsasən DQMV-in yaranmasının yubileylərinə həsr olunur, kiçik həcmli broşürlər halında buraxılırdı. Zəngəzurun tarixinə gəldikdə isə, 1921-ci ildə Qərbi Zəngəzur Ermənistana birləşdikdən sonra onun adı Azərbaycanın inzibati xəritəsindən silinib. Azərbaycanın tərkibində qalan Şərqi Zəngəzur bölgəsi 1930-cu ilə qədər Qubadlı, sonra isə fərqli adı daşıyırdı. Ancaq 100 ildən sonra 7 iyul 2021-ci ildə Prezidentin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılmış və beləliklə bu ad yenidən xəritəmizə qayıtmışdır. Hal-hazırda Tarix və Etnologiya İnstitutu ikicildlik Zəngəzur tarixi üzərində iş aparır və artıq 1 cildi bu yaxınlarda çap olunacaq”, - deyə alim vurğulayıb.
Tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, İrəvan və onun ətraf bölgələrinin tarixi isə sovet dövründə ümumiyyətlə Şərqi Ermənistan kimi qələmə verilib, İrəvan - Erebuni, Yerevan, Göyçə - Sevan adlandırılıb və digər tarixi yer adları dəyişdirilməyib: “70 ildən sonra məlum olmuşdur ki, 1918-ci ildə ilk dəfə Cənubi Qafqazda yaradılmış erməni dövlətinə İrəvan şəhəri paytaxt kimi güzəşt edilib. Artıq müstəqillik illəri ərzində, xüsusilə torpaqlarımızın işğalı dövründə Qərbi Azərbaycanın tarixi ilə bağlı çox sayda məqalə, monoqrafiya yazılmış, elmi dövriyyəyə yeni sənədlər gətirilmişdir”.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.