Logo

Qədim təhsil ənənələri olan İtaliya

07.01.2023 19:58 366 baxış
IMG

İtaliya dünyanın tarixi və gözəl ölkələrindən biri olmaqla yanaşı, qədim təhsil sisteminə malik olması ilə də seçilir. Çünki Avropanın ilk universiteti sayılan Bologno Universiteti 1088-ci ildə təsis edilib və bu günə kimi aktiv fəaliyyət göstərməkdədir. Bundan başqa XII-XIV əsrlərdə qurulan ali məktəblərdən olan Padova, Roma La Sapienza, Siena da dünyanın ən yaxşı universitetləri siyahısındadır. Bu ali təhsil müəssisələri Leonarda Da Vinci, Allensandro Volta, Camillo Golgi kimi dünya mədəniyyətinə böyük töhfə vermiş dahilər yetişdirib. Həmçinin İtaliya dünyanın ən yaxşı 500 universiteti arasında ən çox universitetə sahib olan 3-cü Avropa ölkəsidir.

İtaliyada təhsil 4 pillədən ibarətdir - məktəbəqədər, ibtidai, ümumi orta və ali.  Məktəbəqədər, yəni bağça təhsilinə uşaqlar üç yaşından cəlb edilir və burada onları məktəbə hazırlayırlar. Uşaqlar 15-30 nəfər olan qruplarda təhsil alır və uşaq bağçasından sonra ibtidai məktəbə gedirlər. İbtidai təhsil 6 yaşından 11 yaşına kimidir. İbtidai təhsil iki pillədən ibarət olmaqla, hamı üçün icbaridir. İbtidai təhsil sona çatdıqdan sonra şagirdlər şifahi və yazılı imtahan verərək topladıqları nəticələrə görə ibtidai məktəbin bitirilməsi haqqında diplom alırlar. Təhsilin bu pilləsində məcburi fənlər hesab olunan oxu, yazı, rəsm, musiqi tədris olunur. Yalnız dinə aid tədrisin seçimi sərbəstdir, şagirdlərin özlərindən asılıdır. Tədris planlarına həm də bir xarici dilin öyrənilməsi daxil edilir.

İtaliya məktəbliləri 11 yaşından 15 yaşına kimi natamam orta təhsil alırlar. Bu pillədə italyan dili, tarix, coğrafiya, riyaziyyat və təbiət elmləri, xarici dil, incəsənət və musiqi tədris olunur. 15 yaşından sonra tam orta təhsil almaq istəyən şagirdlər 18-19 yaşına kimi adi proqram üzrə təhsil alaraq, ali məktəblərə daxil olmaq üçün hazırlaşır və ya öz təhsillərini seçdikləri peşə üzrə davam etdirmək haqqında qərar qəbul edirlər. Əgər şagird öz təhsilini adi proqram üzrə davam etdirmək qərarına gəlibsə, onun əsas məqsədi universitetə daxil olmaq üçün liseydə təhsil almaqdır.

Liseylər növlərinə görə aşağıdakılardan ibarətdir: klassik liseylər; texniki liseylər; humanitar liseylər; linqvistik liseylər; incəsənət liseyləri. Şagirdlər faktiki olaraq öz gələcək peşəsi, sənəti haqqında qərar qəbul edir, ali məktəbə qəbul olmağı məqsəd seçir və demək olar ki, lisey məzunlarının əksəriyyəti ali məktəblərə daxil olur. İkinci qrup şagirdlər isə məktəb təhsilindən başqa, hər hansı istənilən peşəyə sahib olurlar. Bu tip peşəyönümlü təhsilə onlar kolleclərdə, liseylərdə və orta məktəblərdə yiyələnmək imkanına sahibdirlər. Şagirdlər orta məktəbi bitirdikdən sonra orta təhsil haqqında diplom və peşə istiqamətləri üzrə ixtisaslaşma haqqında şəhadətnamə alırlar.

İtaliyanın dövlət məktəblərində şagirdlərin sayı üstünlük təşkil edir. Məktəblərin ümumi sayının təxminən 50 %-ni təşkil edən özəl məktəblərdə şagirdlərin sayı azlıqda qalır. Özəl məktəblərdə tədris proqramı dövlət tədris proqramı ilə eynidir, lakin bu növ məktəblərə attestat verilmir, çünki onların şagirdləri müvafiq sertifikat əldə etmək üçün dövlət imtahanları verirlər. İtaliya məktəblərində ilk beşillik təhsil bitdikdən sonra yazılı və şifahi imtahanlar verilir. Onların nəticələrinə görə ibtidai məktəbin attestatı verilir və şagirdlər orta məktəbə daxil olub 14 yaşına kimi oxuyurlar.

İtaliyanın universitetlərinə daxil olmaq üçün liseylərdə hazırlıq kursları fəaliyyət göstərir. Onların üç növü var: klassik, texniki və təbiət elmləri liseyi. Bütün liseylərin təhsil proqramında italyan ədəbiyyatı, riyaziyyat, fizika, təbiət elmləri, fəlsəfə, tarix fənləri daxil edilir. Məzunlar imtahan verərək attestat alır və bu attestatlarla onlar universitetlərə daxil ola bilər. Klassik liseylərdə humanitar elmlər üzrə 5 illik tədris proqramları reallaşdırılır, lakin təbiət elmləri fənləri İtaliyada tədrisin ikinci dövründə keçilir. Linqvistik liseylər dil hazırlığını, ədəbiyyat və mədəniyyətin sivilizasiyanın öyrənilməsini həyata keçirir. İtaliyada texniki təhsil texniki institutlarda tədris olunur və tədris 5 il müddətinə nəzərdə tutulur. Başqa fənlər üzrə, o cümlədən incəsənət üzrə peşə hazırlığı peşə institutlarında, aktyorluq liseylərində və incəsənət institutlarında həyata keçirilir.

İtaliyada bütün təhsil proqramları müxtəlif növ buraxılış diplomlarının alınması ilə nəticələnir: klassik, linqvistik, texniki, idarəetmə, iqtisad və s. Bu diplomların hər biri İtalyanın ali təhsil məktəblərinə qapı açır.

İtaliyanın ali təhsil sistemi universitet, texniki universitet, universitet kollecləri, akademiyalardan ibarətdir və təhsilin müddəti üç ildir. Ali təhsil 18-19 yaşlarından sonra başlayır. Ali təhsilin ikinci pilləsi ixtisasdan asılı olaraq 4 ildən 5 ilə qədər davam edir. Tibb ali məktəblərində təhsilin müddəti 6 ildir. Ali təhsilin üçüncü pilləsi doktor tədqiqat proqramları, diplomdan sonrakı təhsil və ya peşə istiqaməti üzrə kurslardan ibarətdir. Bunlar isə universitetlərdə, həm də xüsusiləşdirilmiş təhsil müəssisələrində keçilir. Bu pilləni sona çatdırdıqdan sonra mütəxəssis və ya doktor diplomu verilir.

İtaliya dizayn və moda üzrə diplom verilməsi sahəsində dünyada birinci ölkədir. İtaliyanın özəl ali təhsil müəssisələrində təhsil italyan və ingilis dillərində tədris olunur.  Bu ölkənin təhsil sistemi şüşə, keramika, rəssamlıq və s. ixtisasları üzrə çox məşhurdur. Orada həmçinin dizaynerlərin hazırlandığı, naşir və reklamçı peşələrinin tədris olunduğu sənət institutları vardır. Heykəltaraşlıq, rəssamlıq, aktyorluq və s. ixtisasları incəsənət akademiyalarında tədris olunur.

Başqa ölkələrdən gələn şagirdlər üçün də İtaliyada imkanlar yaradılıb. Xaricdən gələn şagirdlər İtaliyada dövlət məktəblərində və ya qeyri-dövlət (özəl) məktəblərinin birində orta təhsil ala bilər. Tam orta ümumi təhsil aşağıdakı əsas pillələrdən ibarətdir: müddəti 5 il olan ibtidai təhsil; müddəti 3 il olan orta təhsilin birinci pilləsi; müddəti 5 il olan orta təhsilin ikinci pilləsi. Altı yaşından ibtidai məktəbə daxil olan uşaqlara bütün fənlər: oxu, yazı, rəsm, riyaziyyat, musiqi və s. tədris olunur və bu məcburidir. Bu müddətdə əcnəbi şagirdlər italyan dilini öyrənə bilirlər. İtaliya məktəblərinin tədris proqramlarına, adətən, bir xarici dilin öyrənilməsi daxil edilir. Dərs həftədə 30 saat olmaqla 5 gün davam edir. Hər pillənin sonunda test imtahanları aparılır. Qiymətləndirmə sözlərlə aparılır və qiymət sistemi (“əla”, “yaxşı” və s.) tətbiq olunur.

İtaliyanın ali təhsil müəssisələrində tədris ili oktyabr-noyabr aylarında başlayır və yay fəslinə kimi başa çatır. Bu dövr ərzində tələbələr üç sessiyanı müvəffəqiyyətlə verməlidir. Fakültədən asılı olaraq bir neçə imtahanın verilməsi məcburidir, qalanları isə tələbələrin seçimindən asılıdır. Bundan başqa, imtahanların verilmə qrafikləri fərdi tədris planına müvafiq olaraq tələbələrin özləri tərəfindən tərtib olunur. İtaliya universitetlərində dərslərdə iştirak etmək məcburidir və imtahanlarda müvəffəqiyyət qazanmaq ancaq müstəqil hazırlıqdan asılıdır. İmtahanlar yazılı və şifahi keçirilir.

İtaliya universitetlərində tədris müddəti 4 ildən 9 ilə qədər davam edir. Bakalavr dərəcəsinə müvafiq olan birinci diplomu tələbələr dərslərin başlanmasından 4-6 il keçdikdən sonra seçilmiş ixtisasdan asılı olaraq əldə edirlər. Bakalavrdan sonrakı pillə magistr pilləsidir. Magistr pilləsində tədris müddəti 3 ildir.

Dilrubə Sərdarqızı

Xəbər lenti