Logo

ADPU-da professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

17.05.2024 16:59 197 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun XV dinləməsi keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “SABAH” Qrupları İcra Komitəsi və Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilən növbəti dinləmədə Türkiyənin Çankara Universitetinin professoru Buket Ağqoyunlunun “Gələcəyin təhsilində yeni müəllimlərin müasir bacarıqları” mövzusunda ustad dərsi dinlənilib.

Əvvəlcə ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov professor Buket Ağqoyunlunun 30 ildən artıq müddətdə Hacettepe Universitetində təhsil sahəsində apardığı araşdırmalardan danışıb. Bildirib ki, professorun tədqiqatları əsasən, tədris dizaynı, veb-əsaslı təlim dizaynı, e-tədris dizaynı, ali təhsildə süni intellekt savadlılığı, tədris dizaynında və öyrənmə təcrübəsində süni intellekt, həmçinin informasiya savadlılığı və rəqəmsal savadlılığa yönəlib.

Daha sonra professor Buket Ağqoyunlunun ustad dərsi dinlənilib. Dərs sual-cavab sessiyası ilə yekunlaşdırılıb.

Çıxış edənlərdən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Elza Səmədli və ADPU-nun rektoru professor Cəfər Cəfərov Pedaqoji Forum çərçivəsində bu kimi aktual mövzularda ölkəmizdə və xaricdə tanınmış alimlərin, təhsil tədqiqatçılarının ustad dərslərinin təşkilini yüksək qiymətləndirərək belə tədbirlərin elmi-pedaqoji ictimaiyyətin nümayəndələri üçün önəmini vurğulayıblar.

Qeyd edək ki, dinləmədə Pedaqoji Universitet və pedaqoji kadr hazırlayan universitetlərin professor-müəllim heyəti, o cümlədən pedaqoji ixtisaslar üzrə təhsil alan magistrantlar və doktorantlar iştirak ediblər.

Xəbər lenti