Logo

Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş keçirildi - FOTO

16.05.2024 16:53 144 baxış
IMG

Görkəmli aktyor və kinorejissor, Xalq artisti Əbdül Mahmudbəyovun 80 illik yubileyi münasibətilə mayın 16-da Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, yubileyi münasibətilə kino xadimi Nazirliyin kollektivi və ölkəmizin mədəniyyət ictimaiyyəti adından təbrik edilib, xoş arzular çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, kino sahəsinin də inkişafına davamlı diqqət göstərilir. Milli kinonun inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir, onlar ali təltiflərə, mükafatlara layiq görülürlər. Əbdül Mahmudbəyov da bu sahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adı və Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılıb.

Qeyd olunub ki, sənətkarın aktyor kimi filmlərdə böyük məharətlə canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanır. Onun quruluş verdiyi ekran əsərləri də Azərbaycan kinosunun diqqətəlayiq nümunələrindəndir.

Görüşdə iştirak edən Əməkdar incəsənət xadimləri Cəmil Quliyev, Baba Vəziroğlu, Orxan Fikrətoğlu və başqaları sənətkarın yaradıcılıq yolundan danışıb, rol aldığı və quruluş verdiyi ekran əsərlərinin məziyyətlərindən söz açıblar.

Sonra Azərbaycan mədəniyyətinin inkişafına töhfələrinə görə sənətkara nazirliyin Fəxri diplomu təqdim edilib.

Xalq artisti Əbdül Mahmudbəyov yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib.

Söhbət zamanı kino sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Əbdül Mahmudbəyov 1944-cü il mayın 15-də Hacıqabul rayonunda anadan olub. 1962–1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq ixtisası üzrə (Adil İsgəndərovun kursu) təhsil alıb. 1973-cü ildə Moskvada ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsini bitirib.

Əbdül Mahmudbəyov “Yeddi oğul istərəm”, “Nəsimi”, “Sevinc buxtası”, “Ən vacib müsahibə”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Gecə qatarında qətl”, “Üzü küləyə” və s. ekran əsərlərinə quruluş verib.

Xəbər lenti