Logo

ADU-da Koreya haqqında viktorina keçirilib - FOTO

17.05.2024 17:59 248 baxış
IMG

Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Dillər Universitetinin (ADU) dəstəyi ilə mayın 17-də ADU-da Koreya haqqında viktorina keçirilib.

Tehsil.biz xəbər verir ki, Koreya haqqında viktorina Koreya Respublikası Xarici İşlər Nazirliyi və Korea Broadcasting Systemin (KBS) birgə təşkil etdiyi bilik müsabiqəsidir və məqsədi xaricilərin bu ölkəyə qarşı marağını daha da artırmaqdır. Koreyanın bütün dünyadakı diplomatik nümayəndəliklərində müsabiqənin ilkin turu keçirildikdən sonra, hər ölkədən seçilən qaliblər Koreya mədəniyyəti ilə tanış olmaq üçün ölkəyə səfərə dəvət olunur və orada müsabiqənin final mərhələsi keçirilir. Müsabiqə 2012-ci ildən fəaliyyətə başlayıb və bu il artıq 13-cü dəfədir təşkil olunur.

Viktorinada açılış nitqi ilə çıxış edən Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq qeyd edib ki, Azərbaycanda regional mərhələ sonuncu dəfə 2017-ci ildə olub və təxminən 7 il sonra bu il yenidən keçirilir: “Final mərhələsi KBS1TV və KBS World kanalları vasitəsilə dünyanın 190-dan çox ölkəsində yayımlanaraq Koreyanın müxtəlif sahələrini bütün dünyaya daha geniş şəkildə çatdırır. Koreya haqqında bu ilki viktorinada iştirak üçün ilkin seçimlərə çoxlu sayda azərbaycanlı müraciət edib. Onların içərisindən 10 nəfər seçilərək müsabiqədə iştirak şansı qazanıb”.

ADU-nun rektoru Kamal Abdulla çıxışında Koreyada Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı viktorina keçirilməsini təklif edib: “Müsabiqənin qalibləri isə Azərbaycana gələrək buranın mədəniyyəti ilə yaxından tanış ola bilər. Eyni zamanda, onlar Azərbaycanın ən gözəl guşələrindən biri olan Qarabağa səfər etsinlər”.

Qeyd edək ki, Koreya haqqında viktorinanın qalibi 2024-cü il sentyabrda Koreyaya səfər edəcək və dünyanın müxtəlif ölkələrindən gələn regional müsabiqə qalibləri ilə birlikdə finalda yarışacaqlar.

Viktorinanın sonunda birinci yerin qalibi Nuray Novruzova, ikinci yerin Ülviyyə Mustafayeva, üçüncü yerin isə Fidan Orucova olub.

Xəbər lenti