Logo

Milli Teatrda “İblis” tamaşasının məşqlərinə başlanılıb

17.05.2024 16:04 178 baxış
IMG

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin - “İblis və...” tamaşasının məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı dekonstruktiv-metadramdır.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Əsgərov, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır. Qrafika Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur.

Tamaşada rollarda Xalq artisti Kazım Abdullayev, Əməkdar artistlər Ayşad Məmmədov, Anar Heybətov, Elnar Qarayev, Elşən Cəbrayılov, Elşən Rüstəmov, Vəfa Rzayeva, aktyorlar Ziya Ağa, Elsevər Rəhimov, Elçin Əfəndi, Lalə Süleymanova, Vüsal Mustafayev, Elçin Nurəliyev və Tural İbrahimov iştirak edirlər.

Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən İblis mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı konsepsiyası ilə özünəməxsus çalarda həll edilib. İblis insanın zəif nöqtələrini bilir və oradan onu dağıdır. Cavidin “İblis”i Allahla yaxın olmaq cəsarətindən və israrından insanın zəif və natamam olmasını sübuta yetirmək məqsədilə yer üzündə cəhənnəm yaratmaqdan belə çəkinmir.

Ədalətsiz müharibə, yaxud münaqişələr zamanı ilk baxışda bir filosof baxışına sahib Arifin qaranlıq dünyasında şübhə toxumu, Şərq insanının narahat ruhu görünür. Arifin qaranlıq və qeyri-sabit düşüncəsi onu istədiyi və yaşadığı həyatın dilemmasında qoyur. İçində boşluqlar olan insan İblisi cəlb edir. Allaha etiraz edən, insanı aşağılayan İblis üçün bu çox parlaq bir fürsətdir.

Tamaşa üç substansiya arasındakı konflikt fazasında tərəflərin məqsədlərinin bir-birindən asılılığı və bir araya sığmazlığı, bunun dərk edilməsi və bundan sonra tərəflərin hər birinin opponentin hesabına öz məqsədini reallaşdırmağa can atmasındadır. Tapşırıqların qarşılıqlı asılılığı, məqsədlərdə fərqlilik, qeyri qənaətbəxş sonuclar... Sual və nəticə yenə açıq qalır. Əsərin dekonstruksiyasında əsas hədəf İblis, Allah və insan substansiyaları arasındakı konflikt fazasında həll olunur.

Qeyd edək ki, Hüseyn Cavidin yaradıcılığında mühüm yer tutan “İblis” əsəri 1918-ci ildə qələmə alınıb. Əsərdə maddi zənginlik üçün ruhlarını şeytana satan insanın aqibəti təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi götürənlər günahsız insanlara qarşı ədalətsiz, qəddar davranırlar. İnsanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər sonda fəlakətə uğrayırlar. Elə bir zaman gəlir ki, ən kamil məxluq olan insan Allahı seçmək əvəzinə ruhunu İblisə satır. Əslində savaş Allah naminə bu üç substansiya arasında gedir.

Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulub. “İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Əsər ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Mehdi Məmmədov tərəfindən səhnələşdirilib.

Xəbər lenti