Logo

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı başlanıb

18.05.2024 10:22 178 baxış
IMG

Mayın 18-də dördüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb. Qabiliyyət imtahanı 4 sessiya olmaqla 2 gün keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.

O bildirib ki, sessiyalar Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu, Elm və Təhsil Nazirliyinin tabeliyində olan 161 nömrəli tam orta məktəb və 263 nömrəli tam orta məktəbdə baş tutub.

Suallar verbal, rəqəmsal və abstrakt təhlil olmaqla 3 blok üzrə hazırlanıb.

Fərhad Hacıyev qabiliyyət imtahanının nəticələrinin doğru cavabların sayı ilə deyil, xam ballar əsasında formalaşacaq T-bal şkalası ilə hesablanacağını diqqətə çatdırıb.

“Bu qiymətləndirmə metodu beynəlxalq imtahan sistemlərində (TOEFL, GMAT, SAT) istifadə edilir və Azərbaycanda ilk dəfə “Yüksəliş” müsabiqəsində tətbiq edilib. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

Qabiliyyət imtahanının nəticələri bütün imtahan sessiyaları bitdikdən sonrakı 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək” , - deyə Fərhad Hacıyev qeyd edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbər lenti