Logo

Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib

18.05.2024 13:00 183 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 18 may – Beynəlxalq Muzeylər Günü və görkəmli şair, dramaturq, rejissor, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 125 illik yubileyi münasibətilə “Cəfər Cabbarlı - 125” adlı sərgi-konfrans keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

BDU-nun SABAH Mərkəzi, Cəfər Cabbarlının ev-muzeyi və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda ölkənin bir sıra aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları ev-muzeyin ekspozisiyası və dramaturqun Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan şəxsi arxivi əsasında hazırlanmış “Cəfər Cabbarlı - 125” adlı eksponat, əlyazma və kitablardan ibarət səyyar sərgi ilə tanış olublar.

Sərgi ilə tanışlıqdan sonra “Cəfər Cabbarlının yaradıcılığının tədqiq və təbliği arxiv və muzey materialları əsasında” mövzusunda dəyirmi masa öz işinə başlayıb.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Əzizağa Nəcəfzadə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdirləri Tahirə Məmməd və Rəhim Əliyev, həmin institutun aparıcı elmi işçisi Rasim Nəbioğlu, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Aytən Quliyeva və Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firudin Qurbansoy Cəfər Cabbarlının çoxşaxəli yaradıcılığından, onun dövrünün ziyalıları ilə yazışmalarından, yaradıcılıq münasibətlərindən bəhs ediblər. Çıxış edənlər dramaturqun bugünkü dövrümüzlə səsləşən, aktuallığını itirməyən pyeslərindən misallar çəkib, o cümlədən Əlyazmalar İnstitutunda yazıçının şəxsi arxivinə dair qorunub saxlanan materiallardan nümunələr göstəriblər.

BDU-nun SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova, Əlyazmalar İnstitutunun şöbə müdiri Aynur Nəcəfova, BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova və Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı çıxışlarında dahi sənətkarın Azərbaycan ədəbiyyatındakı müstəsna rolundan danışıblar.

Tədbir çərçivəsində Cəfər Cabbarlının ev-muzeyinin hazırladığı “Cəfər Cabbarlı - 125” adlı videoçarx nümayiş olunub. Sərgi-konfransın iştirakçılarına və təşkilatçılara Cəfər Cabbarlının ev-muzeyinin fəxri fərmanları təqdim olunub.

Xəbər lenti