Logo

BDU-da respublika elmi konfransı keçirilib - FOTO

18.05.2024 13:19 194 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru professor Fərda İmanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərdən sonra Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış başlayıb. Bu tarixi qayıdış əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı da şərtləndirir. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə səsləndirdiyi fikirlər bu tarixi qayıdışla bağlı xalqımızda böyük inam və yüksək əhvali-ruhiyyə yaradıb. Müasir Azərbaycan dövlətinin banisi və memarı Ulu Öndər Heydər Əliyev də dəfələrlə çıxışlarında, qaçqın və məcburi köçkünlərlə görüşlərində Qarabağla yanaşı, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışla bağlı qətiyyətli mövqeyini ifadə edib. Prorektor vurğulayıb ki, Qərbi Azərbaycan İcması bu istiqamətdə ardıcıl səylərini davam etdirir, xaricdə və ölkəmizdə silsilə tədbirlər keçirilir, fundamental kitablar çap olunur: “Bütün bunlar elm və təhsil müəssisələrinin də qarşısında bir sıra mühüm vəzifələr qoyur. Bakı Dövlət Universiteti bu mövzuda elmi araşdırmaların aparılmasını, tədqiqat işlərinin yazılmasını özünün prioritet vəzifələrindən biri hesab edir. Bu məqsədlərin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi üçün BDU-nun nəzdində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb”.

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu sahədə həyata keçirilən silsilə tədbirlərdən bəhs edib. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi İcmanın qarşısında mühüm vəzifələr qoyub. İcma Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atır. Qərbi Azərbaycanda kitab nəşri, kitabxana mədəniyyəti haqqında geniş məruzə edən Ə.Ələkbərli konfransın mövzusunun aktuallığını vurğulayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud, Milli Məclisin deputatı Naqif Həmzəyev, BDU-nun Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Almaz Ülvi çıxış edərək "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın əhəmiyyətindən danışıb, konfransda müzakirə edilən mövzuları bölgənin etnik, mədəni, ictimai mühitinin öyrənilməsi baxımından yüksək qiymətləndiriblər.

Tədbirdə BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov “Qərbi Azərbaycanda kitabxana mühiti - deportasiyayaqədərki dövr” mövzusunda plenar məruzə ilə çıxış edib.

Qeyd edək ki, respublika konfransı öz işini “Qərbi Azərbaycan kitabxana-informasiya resurslarında”, “Qərbi Azərbaycana aid nəşrlər” və “Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri” adlı bölmə iclasları ilə davam etdirib. Konfransda ümumilikdə 30-dan çox məruzə dinlənilib.

Xəbər lenti