Logo

“Ailəm və məktəbim” layihəsinin icrasına başlanılıb - FOTO

16.05.2024 14:31 155 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsinə start verilib.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, layihənin keçirilməsinin əsas məqsədi cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir.

Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarlar, “Hər şey övladımız üçün” devizi altında tədbirlər təşkil olunacaq.

Həmçinin valideynlərin təhsil müəssisəsi ilə yaxından tanış olması, onların məktəbin tədris resursları və həyata keçirilən layihələr barədə məlumatlandırılması, infrastruktur, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə keçirilən “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi nəzərdə tutulur.

Bundan əlavə, ixtisaslarına, iş sahələrinə uyğun olaraq valideynlərin həmin sahələrə maraq göstərən şagirdlərlə görüşləri keçiriləcək, maarifləndirici buklet və materiallar hazırlanacaq və paylanacaq.

Valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüşlər, panel müzakirələr və sorğular keçiriləcək, birgə fəaliyyətlər təşkil olunacaq.

Eyni zamanda, layihə çərçivəsində ümumi təhsil məktəblərində keçirilən fəaliyyətlər üzrə fərqlənən valideynlərin təltif olunması nəzərdə tutulub.

Xəbər lenti