Logo

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU tələbələri üçün təlim keçib - FOTO

17.05.2024 17:22 312 baxış
IMG

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş buraxılış redaktoru Pərvin Abbasov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə fakültə dekanı Vüqar Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin fəaliyyəti barədə danışıb, AZƏRTAC-ın jurnalistlər üçün böyük məktəb olduğunu deyib. Dekan qonaq barədə tələbələrə məlumat verib, jurnalistikanın nəzəri əsaslarının öyrənilməsi ilə yanaşı, praktik cəhətdən təcrübəli jurnalistlərlə birbaşa ünsiyyətin əhəmiyyətindən bəhs edib. O, Pərvin Abbasovun ölkənin ən tanınmış informasiya agentliklərində çalışdığını, xəbər, reportaj və araşdırma janrları üzrə ixtisaslaşdığını vurğulayıb.

Pərvin Abbasov gənc jurnalistlərlə görüş imkanından məmnunluğunu bildirərək media sahəsində karyerasından danışıb. O, təlim zamanı tələbələrə xəbərin hazırlanma, press-relizlərlə işləmək qaydaları, mənbələrin seçilməsi və qorunması, saxta xəbərlə mübarizə üsulları barədə məlumat verib. Jurnalistikada müəlliflik hüququnun qorunmasının zəruriliyini xüsusi vurğulayan Pərvin Abbasov, həmçinin medianın etik və hüquqi aspektlərindən danışıb, konkret praktik nümunələrlə sadaladığı tezisləri əsaslandırıb.

İnteraktiv formada keçən görüşdə tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti