Logo

Naxçıvan Dövlət Universitetində müşavirə keçirilib

25.01.2022 11:19 899 baxış
IMG

Universitetin rektoru Elbrus İsayev 2021-ci ilin yekunlarına dair müşavirədə qeyd edib ki, Naxçıvanda Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bugün muxtar respublika sosial, iqtisadi sahədə irəliləyişə, ictimai həyatda nailiyyətlərə nail olub.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər sırasında təhsil quruculuğunun xüsusi yer tutduğunu qeyd edən rektor bildirib ki, ötən ildə də təhsil siyasəti uğurla davam etdirilib, universitetin bütün kampuslarında yenidənqurma və bərpa işləri aparılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin böyük diqqət və qayğısı nəticəsində təhsildə keyfiyyət amili diqqətdə saxlanılıb. 2021-ci il 15 fevral tarixində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Xarici dillər fakültəsinin açılması, iyun ayının 16-da Texnologiyalar parkının təməlatma mərasiminin keçirilməsi ötən ilin ən böyük uğurları kimi qeyd olunub.

Rektor diqqətə çatdırıb ki, 2021-ci il 3 sentyabr tarixdə “Times Higher Education” (The World University Rankings 2022) dünya universitetləri portalında reytinq sıralamasında dünyanın ən yaxşı universitetləri arasında Naxçıvan Dövlət Universiteti yer alıb. Həmçinin universitetin rektoru Elbrus İsayev ilin ən yaxşı universitetinin ən yaxşı rektoru mükafatını qazanıb. Qeyd edilib ki, 11 ildir ki, Qafqazın ən böyük təhsil səhifəsi imicini qoruyub saxlayan və 500 minə yaxın izləyicisi “Azərbaycan Universitetləri” səhifəsinin keçirdiyi “2021-ci ilin ən yaxşı rektoru” sosial tələbə sorğusunda 51 universitet rektoru iştirak edib və qalib rektor səslərin 40 faizinə sahib olub.

Bildilib ki, hazırda universitet 43 kafedradan ibarət elmi-təşkilati struktura malikdir. Hesabat dövründə universitetdə fəaliyyət göstərən elmi dərəcəlilərin sayı 175 nəfər olmaqla 20 nəfəri elmlər doktoru, 155 nəfəri fəlsəfə doktoru, 13 nəfəri professor, 124 nəfəri dosent, 3 nəfər əməkdaş isə AMEA-nın müxbir üzvüdür.

Qeyd olunub ki, müasirtipli və çoxprofilli dünya təhsil sisteminə inteqrasiya edən universitetdə hesabat ilində 10 fakültə üzrə bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 70 ixtisas üzrə 6027, o cümlədən 1017 əcnəbi tələbə, magistratura təhsil səviyyəsində  88  ixtisaslaşma üzrə 430 magistrant, o cümlədən 7 əcnəbi magistrant, doktorantura səviyyəsi üzrə 131, o cümlədən 2 əcnəbi doktorant və rezidentura üzrə 70 nəfər rezident təhsil alır.

2021-2022-ci tədris ilində ali təhsil ocağının bakalavr  və magistr  təhsil  səviyyələri üzrə müasir dövrün tələblərinə cavab verəcək Hərbi tibb, Filologiya, Psixologiya, Elektrik və elektronika mühəndisliyi, Dövlət və  ictimai münasibətlər, Kompüter mühəndisliyi, Beynəlxalq ticarət və logistika, magistratura  səviyyəsi üzrə isə Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası, tədrisi ingilis dilində İqtisadiyyatın tənzimlənməsi, Bitgilərin genetikası və seleksiyası, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Baytarlıq cərrahiyyəsi, Farmokoqnoziya, Torpaqşünaslıq və aqrokimya kimi yeni ixtisaslar üzrə tələbə qəbulu aparılıb.

Vurğulanıb ki, tədris prosesində İKT-nin tətbiqi sahəsində professor- müəllim heyətinin fənlər üzrə mühazirə mətnləri elektronlaşdırılıb və ixtisaslar üzrə tələbələrin şəxsi kabinetlərinə (LMS-ə) yerləşdirilib. İlk dəfə olaraq payız semestrinin imtahan sessiyasından əvvəl tələbələrin imtahana qədərki balları şəxsi kabinetlərinə yüklənilib, universitetdə tətbiq olunan elektron jurnal və imtahan sisteminin imkanları genişləndirilib, semestrin əvvəlində imtahanların aparılması  ilə bağlı tələbələrə əvvəlcədən məlumatlar verilib və cari qiymətləndirmələr  buna uyğun aparılıb. 2021-ci il ərzində imtahan sessiyalarında elektron test üsulu ilə 1141 sayda imtahan keçirilib. Ali təhsil ocağının  İKT və ET şöbəsi tərəfindən hazırlanan “E-cədvəl” mobil tətbiqi Elm, Təhsil və İnnovasiyalar tətbiqlər və utilitlər  nominasiyası üzrə “NETTY 2021” Azərbaycanın milli internet – mükafatına layiq görülüb.

Elbrus İsayev diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixdə təsdiq etdiyi “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası ilə bağlı universitetdə əyani şöbəsinin bakalavriat və magistratura təhsil pilləsində təhsil alan bütün I kurs tələbələrinə yeni nəsil Smart tələbə kartlarının verilməsi təmin edilib. Ali Məclis Sədrinin 2018-ci il 9 aprel tarixdə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”, 18 noyabr 2016-cı il tarixdə təsdiq etdiyi “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın, 2021-ci il 25 iyun tarixdə təsdiq etdiyi “Ali və orta ixitisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamının icrası istiqamətində ali təhsil ocağında müvafiq tədbirlər görülüb.

Rektor vurğulayıb ki, ötən ildə ali təhsil ocağı beynəlxalq əməkdaşlıqda bir sıra nailiyyətlərə imza atıb. 2021-ci ilin iyul ayında universitetin nümayəndə heyəti ali təhsil ocağında yeni qurulacaq texnopark layihəsində təcrübə əldə etmək məqsədilə Türkiyənin Çankırı Karatekin Universiteti, Hacı Bayram Vəli Universiteti, Ankara Universiteti, Qazi Universiteti, Yıldız Texnik Universiteti, İstanbul Texnik Universiteti, Orta Doğu Teknik Universitetlərində, Türkiyə Ali Təhsil Şurasında olub və əməkdaşlıq müqavilələri imzalanıb. İkili diplom layihələri çərçivəsində müxtəlif sahələr üzrə proqram və layihələr həyata keçirmək, universitetlər arasındakı əlaqələri möhkəmləndirmək üçün birgə elmi məqalələr və jurnallar tərtib etmək, hər il qarşılıqlı olaraq mütəmadi simpoziumlar təşkil etmək, Erasmus+, Mövlana proqramları çərçivəsində akademik müəllim-tələbə mobilliyi həyata keçirmək üçün müzakirələr aparılıb.

Ali təhsil ocağında Avropa Birliyinin Erasmus+ LMQS- “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində onlayn görüşlər keçirilib və universitetin nümayəndə heyəti Yunanıstanda keçirilən təlimlərə qatılıblar.

Qeyd edilib ki, ali təhsil ocağında mühüm yeniliklərdən biri də Naxçıvan Musiqi Kollecinin 2021-ci il 11 iyun tarixində universitetin nəzdində fəaliyyətə keçməsidir. Musiqi Kollecində hazırda 13 ixtisas üzrə əyani və qiyabi tədris həyata keçirilir. Əyani təhsildə 493 tələbə, qiyabi təhsildə isə 21 tələbə təhsil alır.

Rektor diqqətə çatdırıb ki, kafedra əməkdaşları tərəfindən 2021- 2025-ci illər üçün Universitet Elmi Şurası tərəfindən  təsdiq olunmuş layihəyə əsasən 23 elmi istiqamət və 51 problemlə 344 əməkdaş 342 mövzu üzrə elmi tədqiqat işi yerinə yetirib. Hesabat ilində Əczaçılıq və Biokimya laboratoriyalarında dərman bitkilərinin çıxarışları, ekstraktları, uçucu yağları və eyni zamanda arıçılıq məhsullarının ekstraktları və fəal birləşmələri alınıb.

 Həmçinin müxtəlif təbii mənşəli dərman preparatları hazırlanıb. Universitetin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədovun “Arı vərəmumu əsaslı oral və nazal sprey” layihəsi patent üçün Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinə göndərilib və ilkin mərhələdən keçib. Tibb fakültəsinin Əczaçılıq və Biokimya laboratoriyalarında təbii məhsullara əsaslanaraq hazırlanan müxtəlif məhsulların (spreylər, kremlər, damlalıqlar, üz maskaları və s.) universitetdə yaradılmış Yaşıl əczaxanada satış sərgisi olub.

Vurğulanıb ki, professor-müəllim heyətinin apardığı elmi-tədqiqatların nəticələri əsasən universitetin dörd seriyadan ibarət “Elmi əsərlər” jurnalında nəşr olunur. Hər il  “Elmi əsərlər” jurnalının Humanitar elmlər, Fizika-riyaziyyat və Texnika elmləri, Təbiət və tibb elmləri, İctimai elmlər seriyalarını əhatə edən, hər bir istiqamət üzrə 2 nömrə olmaqla 8 nömrəsi nəşr olunur. “Elmi əsərlər” jurnalının bütün seriyaları Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) ilə çap olunur. Bu jurnalların bütün nömrələri universitetin saytında yerləşdirilir. Hesabat ilində “Elmi əsərlər” jurnalının Humanitar elmlər seriyası üzrə 42, İctimai elmlər seriyası üzrə 42, Təbiət və tibb elmləri seriyası üzrə 54, Fizika-riyaziyyat və dəqiq  elmlər seriyası üzrə isə 19 elmi məqalə çap olunub.

Elbrus İsayev bildirib ki, ötən ildə ali təhsil ocağında 1 beynəlxalq konfrans, 1 konqres, 6 respublika səviyyəli elmi konfrans keçirilib. 2021-ci ildə universitet əməkdaşlarının 6 monoqrafiyası, 8 dərsliyi, 35 dərs vəsaiti, 94 metodik vəsaiti və proqramı, 464 elmi məqaləsi və 354 konfrans materialı çap olunub. Elmi məqalələrdən 102-si, konfrans materiallarından isə 196-sı xaricdə beynəlxalq konfrans toplularında dərc olunub. Nüfuzlu jurnallarda nəşrlərə gəldikdə isə müəllimlərin 34 sayda məqaləsi impakt faktorlu jurnallarda nəşr olunub. Onlardan 8-i Web of Science məlumat bazasına, 5-i Scopus elmi bazasına daxil olan elmi jurnallarda, 21-i isə sahə indeksli elmi jurnallarda dərc olunub. Universitetin bəzi müəllimləri hətta beynəlxalq jurnallarda hakimlik edən  redaksiya heyətində təmsil olunub.

2021-ci il ərzində universitetin qoşulduğu 3 beynəlxalq layihə çərçivəsində 7 onlayn görüş keçirilib. İl ərzində fakültələr üzrə müxtəlif mövzularda 29 vebinar, 8 elmi konfrans və 3 elmi-nəzəri seminar təşkil edilib.

Rektor diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi ilk Partiya Təşkilatının təşəbbüsü, universitet tələbə təşkilatlarının iştirakı ilə 1300-ə yaxın tələbəylə birgə ilə Zəfər gününə həsr olunmuş ”Zəfər” flaşmobu hazırlanıb.

2021-ci ildə müəllim və tələbələrin innovasiyalarının (startap layihələrinin) dəstəklənməsi üçün universitetin fakültələr arasında startap müsabiqəsi keçirilib. Tələbələrin “Ağıllı bitki”, “Easy buy”, “Buy-sell” layihələri mükafata layiq görülüb.

Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası “Waste will be best” layihəsi ilə 19 ali təhsil müəssisəsinin iştirak etdiyi “Enactus Onlayn Sahibkarlıq” müsabiqəsinin qalibi olub. Vurğulanıb ki, 2021-2022-ci tədris ilinin əvvəlində ali təhsil ocağında Türkiyə Respublikası, İran İslam Respublikası, Nigeriya, Özbəkistan, Pakistan, Banqladeş, Rusiya və Cənubi Koreyadan olmaqla 1493 tələbə  təhsil alır ki, 1486 nəfəri bakalavr, 7 nəfəri magistr təhsil pilləsindədir. Hazırlıq kursunda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin sayı 465 nəfərdir. Əcnəbi tələbələr daim dövlətin diqqət və qayğısından bəhrələnir, müxtəlif vaxtlarda təqdim olunan ərzaq payı, bayramlar münasibətilə verilən bayram payları göstərilən diqqətin bariz nümunəsidir.

Universitet Televiziyası və “Nuhçıxan” radiosu da hər zaman işini günün tələbləri səviyyəsində qurmaqla muxtar respublika mediasına öz töhvələrini verirlər. Belə ki, Media mərkəzində 100-dən çox müəllimin video dərsləri, 40-a yaxın veriliş çəkilərək  efirə təqdim olunub.

Elbrus İsayev ali təhsil ocağında idmanın inkişafından danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2020-ci il tarixdə təsdiq etdiyi “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı universitetdə yüksək ixtisaslı bədən tərbiyəsi və idman kadrlarının hazırlanması məqsədilə 16 idman növü üzrə dərsdənkənar məşğələlər təşkil edilib. Bu məşğələlərə 250- dən artıq tələbə idmançı cəlb edilib. Tələbələr muxtar respublikada, Azərbaycanda hətta beynəlxalq miqyasda keçirilən yarışların qalibi olublar.

Müşavirədə 2021-ci ildə universitetdə İnformasiya-kommunikasiya texnologiyalarının, elektron təhsilin inkişafı və qarşıda duran vəzifələr mövzusunda İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərlinin, 2021-ci ildə universitetin idman sahəsində qazanılan nailiyyətlər və qarşıda duran vəzifələr mövzusunda Bədən tərbiyəsi və idman kafedrasının dosenti, idman klubunun sədri Məmmədəli Rəhimovun çıxışları dinlənilib.

Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran – rektor vurğulayıb ki, cari ildə də əmək və iş intizamı daha da gücləndirilməli, kadr hazırlığına günün tələbləri səviyyəsində diqqət artırılmalıdır. Elbrus İsayev elektron universitet quruculuğu prosesinin davam etdirilməsinə və tədris prosesində ən müasir təlim texnologiyaların uğurlu tətbiqinə diqqəti çəkərək konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini vurğulayıb.

 

 

 

 

 

 

 

Xəbər lenti