Logo

AzMİU-da Məzun Assosiasiyasının növbəti görüşü keçirilib

28.11.2025 13:59 82 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ərəfəsində AzMİU Məzunlar Assosiasiyasının növbəti görüşü keçirilib.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, görüşdə universitet rəhbərliyi, ölkənin qabaqcıl inşaat və memarlıq şirkətlərinin nümayəndələri, tanınmış mütəxəssislər və müxtəlif illərin məzunları iştirak ediblər.

Tədbir AzMİU-nun Məzunlar Assosiasiyasının sədri, "PMD Projects"in direktoru, universitetin məzunu Nəriman Topçibaşevin açılış nitqi ilə başlayıb. O, Assosiasiyanın fəaliyyət istiqamətləri, görülən işlər və qarşıdakı planlar barədə məlumat verib. Nəriman Topçibaşev şirkətlər və universitet arasında əməkdaşlığın bu gün ən prioritet məsələlərdən birinə çevrildiyini qeyd edib: “Kadr potensialının gücləndirilməsi üçün universitetlə əməkdaşlıq vacibdir. Qarşıda Assosiasiyanın fondunun yaradılması planlaşdırılır. Fond vasitəsilə universitetin maddi-texniki bazasının gücləndirilməsi, qayğıya ehtiyacı olan tələbələrə təqaüdlərin verilməsi və digər sosial layihələrin icrası mümkün olacaq”.

AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova məzunların universitet ətrafında birləşməsinin böyük məmnunluq doğurduğunu vurğulayıb. O qeyd edib ki, AzMİU istehsalatla əlaqələrin, eləcə də məzunlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir: “Biz məzunlarımızı universitetin ayrılmaz bir parçası hesab edirik. Beynəlxalq reytinqlərdə və ali təhsil üzrə dünya standartlarında məzunlarla əlaqə mühüm inkişaf meyarı kimi təqdim olunur. Bu baxımdan sizinlə sıx əməkdaşlıq həm tədrisin keyfiyyətinin artırılmasına, həm də kadr hazırlığında real tələblərin universitetə çatdırılmasına əhəmiyyətli töhfə verəcək”.

Professor Gülçöhrə Məmmədova, həmçinin Məzunlar Assosiasiyasının universitetin yataqxana kompleksinin bərpası ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirib və yataqxananın əsaslı təmir edilərək tələbələrin istifadəsinə verilməsinin AzMİU üçün prioritet məsələlərdən biri olduğunu bildirib

Görüş çərçivəsində universitetin yataqxana kompleksinin bir binasının mövcud vəziyyəti ilə bağlı video nümayiş etdirilib. Assosiasiya sədri Nəriman Topçibaşev binanın ilkin baxışdan keçirildiyini, ölçmələrin aparıldığını və müvafiq qurumlara müayinələrin həyata keçirilməsi üçün müraciət olunduğunu qeyd edib.

“Azərdövlətlayihə” DBLİ-nin direktoru Müsəddin Namazov, “MİDA” MMC-nin direktoru Fərhad Təhməzov, ArchiCO Engineering Company-nin Müşahidə Şurasının sədri Məhəmməd Musayev, ADSEA-nın Tikilməkdə olan obyektlərinin baş mühəndisi Babək Məmmədov, Qartal Tikinti Firmasının direktoru Şahin Məmmədov və digər məzunlar çıxış edərək mühüm məsələlərə toxunublar.

Onlar çıxışlarında yataqxana binasının müayinələrdən sonra qısa müddətdə bərpa olunması, tələbələrin ödənişli istehsalat təcrübələrinə cəlb edilməsi, universitet-istehsalat əlaqələrinin daha da genişləndirilməsi, mühəndislik və memarlıq sahəsində ixtisaslaşmanın vacibliyi kimi mövzulara diqqət çəkiblər.

Qeyd olunub ki, inşaat üzrə təhsili olmayan şəxslərin inşaat mühəndisi və ya memarlıq üzrə təhsili olmayanların memar kimi fəaliyyət göstərməsi ciddi təhlükələr yarada bilər və bu problemin aradan qaldırılması üçün universitetlə şirkətlər arasında birgə çalışma zəruridir.

Görüş zamanı həyata keçirilən layihələrin miqyasının artırılması məqsədilə Assosiasiyaya yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Eyni zamanda, yaxın günlərdə keçiriləcək AzMİU-nun 50 illik yubileyi ilə bağlı hazırlıq işləri və məzunların bu tədbirdə iştirakı da müzakirə edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında universiteti müxtəlif illərdə bitirən 250-dən çox məzunun iştirakı ilə AzMİU Məzunlar Assosiasiyası yaradılmasına qərar verilib. Bu ilin aprel ayında isə Assosiasiyanın Təsis Yığıncağı keçirilib, Əsasnaməsi təsdiqlənib, Təftiş Komitəsi və İdarə Heyəti seçilib.

Assosasiya yarandığı gündən universitetlə əməkdaşlığı genişləndirib, bir sıra layihələr icra olunub, laboratoriyalar və xüsusi auditoriyalar istifadəyə verilib, tələbələr üçün ödənişli təcrübə proqramları elan edilib

Xəbər lenti