Logo

Məktəbəqədər təhsil müəssisələrində inkişafetdirici təlimin didaktik əsasları

28.11.2025 12:04 20 baxış
IMG

İnnovativ rejimdə tərbiyəçi-müəllimlər inkişafetdirici texnologiyalarla işləyərkən təlimin interaktiv forma və metodlarından istifadə edirlər. Bütün fəaliyyət növləri üzrə interaktiv təlim prosesində uşaq və tərbiyəçi-müəllim arasında yüksək qarşılıqlı təsir səviyyəsi müşahidə olunur. Bu cür qarşılıqlı təsir, adətən, müzakirə formasında həyata keçirilir. Tərbiyəçi-müəllim tərəfindən elə təlim mühiti yaradılır ki, burada uşaq öz bilik və bacarıqlarını kəşf etməyə, əldə etməyə və tətbiq etməyə qadir olsun.

Problemin həlli prosesi cavab almaqdan daha vacib və mühümdür. Çünki interaktiv metodika informasiyanı ötürməklə məhdudlaşmır, eyni zamanda idraki fəaliyyəti aktivləşdirir. Bunun müvəffəqiyyətli həlli üçün idraki maraqların inkişafına təsir göstərən metodlardan istifadə olunur, uşaqların fəaliyyət motivlərini formalaşdırmaq məqsədilə müəyyən şərait yaradılır ki, fəaliyyət prosesinə maraq inkişaf etsin.

M.V.Lazarevanın “Məktəbəqədər təhsil müəssisələrində inteqrativ təlim” adlı dissertasiyasının konseptual ideyası ondan ibarətdir ki, inteqrativ təlim məktəbəqədər yaşlı uşaqların inkişafında idraki və tərbiyəvi potensialın səmərəli istifadəsini nəzərdə tutan didaktik sintezə əsaslanır [Lazareva, M.V., 2003]. Bu müddəa, həmçinin ətraf aləm, onunla qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq haqqında tam təsəvvürləri formalaşdırır.

İnteqrativ təlimə yanaşmaların sintezi onun məzmun və struktur aspektlərini də xarakterizə etməyə imkan verir. İnteqrativ yanaşma pedaqoji prosesin əsasını təşkil edərək, məqsəd və vəzifələrə uyğun olaraq komponentlərin hər birində ideyaların qarşılıqlı əlaqəsinin təmin edilməsini nəzərdə tutur ki, bu da onun tamlıq səviyyəsini yüksəldir. Məktəbəqədər təhsildə inteqrativ yanaşma aşağıdakılardan ibarətdir:
•     ətraf aləm haqqında bütöv təsəvvürlərin formalaşması əsasında tərbiyə və inkişafın prioritet məqsəd və vəzifələrinin reallaşması;
•     yalnız məzmun deyil, həm də tərbiyə və inkişafın formal məqsəd və vəzifələrinin həyata keçirilməsi;
•     proqramın müxtəlif bölmələrinin məzmun komponentlərinin və məzmun daxili əlaqəsinin gücləndirilməsi;
•     təlim-tərbiyədə metod və priyomların qarşılıqlı təsiri (metodiki inteqrasiya);
•     uşaq fəaliyyəti növlərinin sintezi;
•     təlimin təşkilinin inteqrativ formalarının tətbiqi: mürəkkəb strukturu olan inteqrativ məşğələlər, məşğələlər tsikli, mövzu günləri və s.

Məktəbəqədər təhsil müəssisələrində inkişafetdirici təlimin səmərəli təşkili didaktik tələblərdən asılıdır. Didaktik tələblər hər bir mərhələdə riayət edilməsi vacib olan didaktik prinsiplərlə əlaqədardır. Didaktik tələblərin gözlənilməsi, ona ciddi əməl edilməsi məşğələnin daha effektli, daha canlı keçirilməsinə səbəb olur.

Didaktik tələblərə metod və priyomların, təlimin forma və tiplərinin seçilməsi, qrupda bütün uşaqların zehni və əməli fəallıq göstərməsinə qayğı ilə yanaşılması, təlimin texniki vasitələri və müxtəlif resursların seçilməsi, onlardan istifadə olunması, didaktik prinsiplərə riayət edilməsi və s. daxildir.
İnkişafetdirici təlim prosesində məşğələyə verilən didaktik tələblər məşğələnin təşkili və keçirilməsində, onun məzmununun müəyyənləşdirilməsindən sonra aparıcı rol oynayır. Başlıca müddəaları əsas götürərək aşağıdakı pedaqoji tələblər irəli sürülür:

•     təlim prosesində uşaqlarla səmərəli əks-əlaqənin təmin olunması, əməkdaşlıq şəraitində estetik-emosional mühitin yaradılması;
•     tərbiyəçi-müəllimin uşaqları pedaqoji prosesin bərabərhüquqlu subyekti kimi qəbul etməsi;
•     təlim metodları və üsulların optimal seçilməsi, onların uşaqların yaşına və dinamik inkişaf səviyyəsinə uyğunluğu, habelə sistemli şəkildə tətbiqi;
•     hər bir uşağın fərdi psixoloji tədris-idrak və s. xüsusiyyətlərinin nəzərə alınması;
•     məşğələdə təlimin inkişafetdirici aspektinin gücləndirilməsi, differensiallaşdırma və fərdiləşdirmə ilə uşaqlarda bilik, bacarıqların səviyyəsinin artırılması;
•    uşaqların müstəqil fəaliyyəti, sərbəst rəy söyləmələri, başqasının, o cümlədən tərbiyəçinin fikrinə münasibət bildirmələri üçün əlverişli şəraitin yaradılması;
•     uşaqlara “öyrənməyi öyrətmək” zəminində təlim vərdişlərinin aşılanması, müxtəlif məlumatların, biliklərin əldə edilməsi yollarının, mənbələrinin müstəqil tapılması;
•     uşaqların milli dəyərlər zəminində, vətənpərvərlik ruhunda tərbiyələndirilməsində təlimin imkanlarından səmərəli istifadə olunması.

İnkişafetdirici təlim prosesində yeni pedaqoji təfəkkür baxımından təlimin səmərəli təşkili üçün yuxarıda göstərilən tələblərlə yanaşı, bir sıra prinsipləri də qeyd etmək olar:
•     İnkişafetdirici təlim uşağın bu gün yaşadığı uşaqlıq dövrünü, gələcəkdə yeniyetməlik və gənclik illərinin maraqlı və məzmunlu qurulmasını təmin edir.
•     İnkişafetdirici təlim əsas diqqəti uşaqların intellektual və yaradıcı inkişafına, məntiqi və mücərrəd təfəkkürün formalaşmasına, təhliletmə, əqli nəticə çıxarma, ümumiləşdirmə bacarığı və bu kimi pedaqoji-psixoloji aspektlərə yönəldilməsini tələb edir; uşağın informasiya aləmində düzgün istiqamətlənməsini, onlardan səmərəli faydalanmasını və bu kimi məsələlərin həlli yollarının müəyyənləşdirilməsini təmin edir.
•  İnkişafetdirici təlim pedaqoji prosesin “öyrənməyi öyrətmək” texnologiyası əsasında qurulmasını, uşağın təfəkkür imkanlarının maksimum dərəcədə nəzərə alınmasını, təlim-tərbiyə prosesinin isə onun üçün tədqiqatçılıq və araşdırma sahəsində təcrübə meydanına çevrilməsini tələb edir. Didaktik tələblərin gözlənilməsi və onlara əməl olunması məşğələlərin daha səmərəli, daha canlı keçməsinə şərait yaradır.

Didaktik tələblərin nəzərə alınmasını asanlaşdıran əsas cəhətlərdən biri də məşğələlərin təşkilində təlim tipinin düzgün müəyyən edilməsidir. Didaktik tələblər baxımından məşğələdə yeni təlim metodlarının və texnologiyalarının müəyyənləşdirilməsi, onlardan seçərək səmərəli istifadə edilməsi də son dərəcə mühüm əhəmiyyət kəsb edir. Uşaqların zehni fəallığının inkişafını təmin etmək, onları düşünməyə, axtarışlar aparmağa, müəyyən problemin həllinə yaradıcılıqla yanaşmağa təşviq etmək baxımından yeni təlim metodları və texnologiyalarının əhəmiyyəti olduqca böyükdür.

İnkişafetdirici təlimdə əsas inkişaf istiqamətlərindən biri uşaqlarda həqiqi biliklər üzrə anlayışların formalaşmasıdır. Bu istiqamətlərin reallaşdırılması prosesində yaradıcı işlərə, həmçinin proqramlaşdırılmış tapşırıqların yerinə yetirilməsində müstəqil işlərə əhəmiyyətli yer verilir.

Hər hansı bir anlayışı uşaqlara izah etmək üçün aşağıdakı prinsiplər əsas götürülməlidir:
•     Təbiətə müvafiqlik prinsipi (Uşaq təbii imkanları nəzərə alınmaqla inkişaf
etdirilməli, təkmilləşdirilməlidir).
•     Mədəniyyətə müvafiqlik prinsipi (İnsanın təbiətini nəzərə almağa, sosial
təcrübəni tətbiq etməklə fəaliyyətin ümumi istiqamətini müəyyən etməyə imkan verir).
•     İnteqrasiya prinsipi Pedaqoji prosesdə inkişafetdirici təlimin müvəffəqiyyəti onun məqsədlərinin layihələndirilməsindən başlanır. Uşaqların təlim fəaliyyətinin intensivliyi onların nə dərəcədə konkret olmasından asılıdır. Məqsədlərin kifayət qədər dəqiq olmaması tərbiyəçi-müəllim və uşaq arasında soyuqluq yaradır, təlimin sönük və maraqsız keçməsinə səbəb olur. Müvəffəqiyyətli təlim fəaliyyətinin təşkilində düzgün qoyulmuş məqsəd müəyyənləşdirici əhəmiyyət daşıyır. Məqsəd bir qanun kimi insanın hərəkətlərinin üsullarını və xarakterini müəyyən edir. Məqsədlərin dərk edilməsi ona nail olmanın zəruri şərtidir. Təlimin intensivləşdirilməsi üçün təlim məqsədlərinin mürəkkəbliyinin yüksəldilməsinin böyük əhəmiyyəti vardır ki, bu da uşaqlardan fəal işləməyi tələb edir, təfəkkürünün, iradi sferasının, şəxsiyyətinin müxtəlif tərəflərinin və qabiliyyətlərinin inkişafına müsbət təsir göstərir. Məqsədə çatmağa intensiv yanaşmanın spesifikliyi də məhz bundadır. Təlimdə bu məqsədlərin bütün növləri tətbiq olunur. İnkişafetdirici təlimin ümumi məqsədlərini tərbiyəçi-müəllim konkret qrup şəraitindən asılı olaraq tətbiq edir. Bu, xüsusən boşluqların və çatışmazlıqların aradan qaldırılmasında daha əhəmiyyətlidir. Hər bir məqsədə konkret vəzifələr ayrılır. Təcrübədə isə məqsəd və vəzifələr çox vaxt eyni anlayış kimi qəbul edilir.

İnkişafetdirici təlimin tərbiyə vəzifələrinə dünya görüşünün, əxlaqi, əmək, estetik, fiziki keyfiyyətlərin aşılanması; təhsilverici vəzifələrinə bilik və bacarıqların formalaşdırılması; şəxsiyyətin inkişaf vəzifələrinə isə təfəkkürün, iradənin, emosiyaların, bacarıqların və s. inkişaf etdirilməsi aid edilir. Bütövlükdə, bu üç qrup təlim vəzifələri bir-biri ilə sıx əlaqədardır. Müşahidələr göstərir ki, məktəbəqədər müəssisələrdə təlim-tərbiyənin səmərəli təşkilinə nail olunsa da, şəxsiyyətin inkişaf etdirilməsi ilə bağlı bir çox problemlər mövcuddur. Bəzi pedaqoqlar hesab edirlər ki, inkişaf təlim və tərbiyənin təsiri ilə reallaşır. Buna görə də inkişafın vəzifələri xüsusi qeyd olunmur. Deməli, didaktikada təlimin bu forması yalnız bilik və bacarıqları deyil, həm də şəxsiyyəti intensiv şəkildə inkişaf etdirir. Bu tip təlim şərti olaraq “inkişafetdirici təlim” adlandırılır. Öyrədici təlimin fəal xadimləri İ.Q.Pestalotsi, A.Disterverq, K.D.Uşinski və b. olmuşlar. Təlim və tərbiyə zamanı inkişafın vəzifələrinin ayrıca göstərilməsi şəxsiyyətin inkişafını pedaqoji prosesdə daha düzgün yönləndirməyə imkan verir.

Təlim vəzifələrini planlaşdırarkən yalnız məktəbəqədər təhsil müəssisəsinin ümumi tələbləri deyil, həm də müasir sosial-iqtisadi proseslərin təsiri ilə meydana çıxan aktual məsələləri də nəzərə almaq lazımdır.

Şəxsiyyətin inkişafı vəzifələri, əsasən, yeni tip təfəkkürün – dialektik, yaradıcı, novator təfəkkürün inkişafına daha çox diqqət yetirir. Bu, müvafiq şərait üçün mümkün variantların həllinin ən optimalını seçməyə imkan verir. Təlimin intensivləşdirilməsi onun məqsədlərinin aşağıdakı tələblərə cavab verməsini nəzərdə tutur:
1. Təlim məqsədləri uşaqların potensial imkanlarına yönəlmiş və onların yüksək fəallığını təmin edir.
2. Təlim məqsədlərinin prinsipial olaraq yerinə yetirilməsi üçün müəyyən səviyyədə olması zəruridir. Çünki real olmayan, mürəkkəb məqsədlər uşaqları qoyulmuş vəzifələrin həllindən uzaqlaşdırır.
3. Təlim məqsədlərinin uşaqlar tərəfindən dərk olunması vacibdir, əks halda onların fəaliyyətə başlaması üçün motiv olmur.
4. Təlim məqsədləri konkret, uşaq kollektivinin “yaxın inkişaf zonası”nda real təlim imkanlarını nəzərə alır.
5. Təlim məqsədlərinə nail olmaq üçün uşaqların şərait və imkanların dəyişməsi ilə əlaqədar olaraq çevik olması vacibdir.

İnkişafetdirici təlimin həyata keçirilməsi əhəmiyyətli dərəcədə uşaqların öyrənmə motivlərindən asılıdır. Öyrənmə motivasiyasının gücləndirilməsi təlimin səmərəliliyinin artırılmasının mühüm üsuludur.

Psixoloqlar müəyyənləşdirmişlər ki, motiv fəaliyyətin məqsədinə güclü təsir göstərdiyi üçün onun məqsədə doğru yönəlməsi müşahidə olunur. Buradan belə qənaətə gəlmək olar ki, öyrənmənin dərin motivasiyası, davamlı idraki maraqları, uşaqların təlimdəki müvəffəqiyyətləri üçün daha güclü olmalıdır.

Müşahidələrdən aydın olur ki, tərbiyəçi-müəllim mövzunun praktik əhəmiyyətini, onun müasir problemlərlə əlaqəsini ətraflı təhlil edərsə, bu, uşaqlarda öyrənməyə marağın əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olar. İdraki marağın stimullaşdırılmasının güclü vasitəsi təlim prosesində idraki inkişaf etdirən oyunlardır. Oyun prosesində, eyni zamanda uşaqda iradə, məsuliyyət hissi formalaşır.

Heç bir məsləhət, nəsihət və hədə-qorxu həqiqi öyrənmə motivlərini yaratmır. Yalnız inandırma və arqumentlərin çatdırılması ilə buna nail olmaq olar. İnkişafetdirici təlimi təmin etmək üçün yalnız məqsədləri mürəkkəbləşdirmək və motivasiyanı gücləndirmək kifayət deyil. Təlimin məzmununa müəyyən dəyişikliklər etmək zəruridir. Məzmunun ümumi obrazının mənimsənilməsi üçün təlim materialı əvvəlcə ümumi, geniş şərh kimi verilir, sonra isə onun tərkib hissələri təhlil olunur.

Təlimin məzmununun informativ həcminin müəyyənləşdirilməsi meyarları aşağıdakılardır:
•     uşaqların yaş, psixoloji və fizioloji imkanına uyğunluğu;
•    verilən vaxtın nəzərə alınması, beynəlxalq təcrübə, təlim materialları bazasının olması və başqa təlim şərtləri kimi kriteriyalara uyğun bilik, bacarıq və vərdişlərin ciddi seçiminin aparılması;
•     əsas anlayışların, bacarıq və vərdişlərin öyrədilməsi üzrə işin aparılmasına tərbiyəçi-müəllimlərin diqqətinin yönəldilməsi və təlim materialı izah edilərkən əsas məsələnin uşaqlara dəqiq çatdırılması.
Yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, məktəbəqədər təhsil müəssisələrində inkişafetdirici təlim mühitində təhsilin məzmununun və strukturunun təkmilləşdirilməsinin əsas istiqamətlərini aşağıdakı kimi səciyyələndirmək olar:

a) məzmunun üç əsas funksiyasına – təhsil, tərbiyə və inkişafın kompleks həyata keçirilməsinə istiqaməti gücləndirmək;
b) müvafiqliyi saxlamaqla hər bir məşğələnin informativ tutumunu yüksəltmək;
c) materialın bölmələrlə verilməsi, təlim prosesində ümumiləşdirmələrin rolunu
artırmaq, ümumiləşdirici məşğələlərin keçirilməsi;
d) məşğələlərarası əlaqənin gücləndirilməsi;
e) oyun və tapşırıq seçmini yerinə yetirməklə daha çox inkişafetdirici məsələlərin həll edilməsi;
f) təlim prosesində alqoritmik göstərişlərin tətbiqi;
g) İKT-nin təchizatı;
h) təlim bacarıqlarının və vərdişlərinin formalaşdırılması.
İnkişafetdirici təlimin tətbiqində idrak fəallığını, öyrənməni stimullaşdıran metod və priyomların, məşğələlərin təşkili formalarının, səmərəli tətbiqinin böyük əhəmiyyəti vardır. Hər hansı problemin həllinə yönəlmiş tələbatın ödənilməsində, idrak proseslərinin fəallaşdırılmasında söhbətlərin, disskusiyaların, tədqiqatçılığın, rollu oyunların və uşaqların müstəqil işinin rolu əvəzsizdir.

Təlimin inkişafetdirici funksiyasını gücləndirmək üçün yalnız nəzarət tempi deyil, həm də onun təhlili vacibdir. Tərbiyəçi-müəllimin yalnız uşaqların bilik və bacarıqlarında olan çatışmazlığı deyil, onları törədən səbəbləri də bilməsi işin gedişinə müsbət təsir göstərir. Bu səbəblər sağlamlıqdakı problemlərlə, şəxsiyyətin tərbiyəsindəki nöqsanlarla, ailə daxilindəki münaqişələrlə və evdəki şəraitlə, həmçinin fərdi yanaşmanın olmaması ilə əlaqədar olur. Uşaqların inkişafındakı geriliyin səbəbləri haqqında qiymətli informasiyaları tərbiyəçi-müəllimlərin, bütün valideyn və həkimin iştirakı ilə keçirilən “pedaqoji konsiliumlar”dan bilmək olar. Bu, formalizmin aradan qaldırılmasına səbəb olur.

İnkişafetdirici təlimin dərin təhlili tərbiyəçi-müəllimdən uşaqların real təlim imkanlarının yaxşı araşdırılmasını, inkişaf perspektivini, hər birinin “yaxın inkişaf zonasını” bilməyi tələb edir.
Tərbiyəçi-müəllim uşaqların bilik səviyyələrini öyrənərkən aşağıdakı didaktik tələblərə əsaslanır:
•     biliyin dolğunluğu;
•     biliyin möhkəmliyi;
•     biliyin sistemliliyi və ardıcıllığı;
•     biliyin şüurluluğu;
•     biliyin anlaşıqlı olması;
•     biliyin tətbiqi;
•     biliyin proqram tələblərinə uyğunluğu.

Həyati bacarıqlara malik şəxsiyyət yetişdirmək üçün uşaqlarda həyata, ətraf aləmə, insanlara fəlsəfi münasibət formalaşdırılmalı, elə inam təlqin edilməlidir ki, onlar kobud səhvlərdən, düşünülməmiş hərəkətlərdən və qərarlardan uzaq olmağı bacarsınlar. Diqqət, əsasən, emosional-iradi sferaya, mənəvi-əxlaqi keyfiyyətlərin formalaşmasına, həyati bacarıq və vərdişlərə yetirilir ki, çətinliklərin aradan qaldırılmasında, sosiuma uyğunlaşmaqda onlara kömək olsun. Təlim və tərbiyə işlərinin səmərəli təşkili sadalanan bu keyfiyyətlərin uşaqların həyatında öz yerini tapmasına və erkən yaş dövründə öyrəndikləri ilkin həyati bacarıq və vərdişlərin gələcək həyat fəaliyyətində düzgün reallaşdırmasına xidmət edir.

Müasir tərbiyəçi-müəllimin qarşısında duran vəzifələrdən biri də qabaqlayıcı elmi proqnozlaşdırmaqdır ki, bu prosesdə uşaq müstəqil və məsuliyyətli şəxsiyyət olaraq xarici təsirləri, maneələri aradan qaldırır və fəaliyyət zamanı dünyada baş verən proseslərə inteqrasiya edir.

Müasir məktəbəqədər təhsil müəssisələrində təlimin müxtəlif növləri – məşğələlər, ekskursiyalar, gəzintilər, diskussiyalar, söhbətlər, məşğələdənkənar fəaliyyətlər icra edilir. Bu mərhələdə təlim formalarının təkmilləşdirilməsinin səciyyəvi xüsusiyyəti müəyyən mövzunun öyrədilməsində tərbiyəçi-müəllimlərin müxtəlif məşğələ növlərini tətbiq etmələrinə səy göstərməsidir.

Təlim-tərbiyə vəzifələrini yalnız metodlar birləşməsi ilə deyil, həm də təlim prosesinin təşkilati formaları ilə həll etmək imkanları pedaqogikada qanunauyğun müəyyən edilmişdir. Bununla yanaşı müasir didaktika təlimin təşkili formalarını fasiləsiz olaraq yeniləməyi, ümumi tərbiyəyə yeni yanaşmaların daxil edilməsini tövsiyə edir. Uşaqlarla söhbətlərin, görüşlərin, diskussiyaların daha geniş müstəvidə təşkil olunması onların inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Söhbətlərin təşkil olunması məşğələnin elə formasıdır ki, bu prosesdə məşğələ və ya məşğələdənkənar hər hansı bir məsələ üzərində müzakirə və sərbəst fikir mübadiləsi aparılır. Bir çox hallarda söhbətlər əvvəl öyrənilmiş biliklərin ümumiləşdirilməsinə və sistemləşdirilməsinə, onların həyati faktlarla əlaqələndirilməsinin müəyyənləşdirilməsinə həsr edilir.

İdraki fəaliyyətin təşkili prosesində interaktiv metodlardan istifadə, nəinki yeni biliklərin əldə edilməsinə, həmçinin kommunikativ bacarıqların (başqalarının fikrini dinləmək, müxtəlif yanaşmaları qiymətləndirmək, müzakirələrdə iştirak etmək, problemləri birgə həll etmək və nəticə çıxarmaq) inkişafına da təsir göstərir.

İnteraktiv iş formaları tərbiyəvi əhəmiyyət daşıyaraq, uşaqların qruplarda birgə əməkdaşlıq şəraitində çalışmasına, uşaqlar arasında emosional münasibətlərin yaranmasına müsbət təsir göstərir, əsəb gərginliyini aradan qaldırır, onlara müdafiə olunmaq, bir-birini başa düşmək və şəxsi müvəffəqiyyət qazanmaq hissini keçirməyə kömək edir.

İnkişafetdirici təlimin səmərəli təşkilində uşaqların idraki proses zamanı praktik olaraq iştirakını təmin etmək və bu zaman tərbiyəçinin verilən tələblərə düzgün əməl etməsi böyük əhəmiyyət daşıyır.

Müasir dünyada həyatın bütün sahələrində olduğu kimi, təhsildə də əhəmiyyətli dəyişikliklər baş verir. Bu, insanda sosial istiqaməti formalaşdırmaq, baş verən dəyişikliklərə uyğun çevik reaksiya vermək, yeni şəraitdə tez bir zamanda özünütənzimləmə, özünütəyinetmə, özünütəsdiq kimi xüsusiyyətləri üzə çıxarmaq üçün vacibdir. Bununla əlaqədar tədris müəssisələri sosial dəyişikliklərdən asılı olmadan, sosial inkişafa uyğun, analitik müstəqillik və təşəbbüs göstərməyə qadir yaradıcı şəxsiyyətin formalaşdırılmasını nəzərdə tutur. Bu cür şəxsiyyəti yalnız yaradıcı pedaqoq tərbiyə edə bilər. Tədris müəssisələrinin təcrübəsini yenilikçi tərbiyəçi-müəllim fəal şəkildə təmin edir. Cəmiyyət kütləvi innovasiya hərəkatını yaradıcılığın yüksək səviyyəsi kimi dəstəkləməyə daha çox meyil edir. 

Mənbə: Baxışova Ş. (2025). Məktəbəqədər təhsil müəssisələrində inkişafetdirici təlimin didaktik əsasları. «Məktəbəqədər və ibtidai təhsil», № 3 (252), səh. 9-24. 

Xəbər lenti