Logo

Elm sərhəd tanımır: Varşavadakı azərbaycanlı tədqiqatçının uğur hekayəsi MÜSAHİBƏ

25.11.2025 20:27 35 baxış
IMG

Süni intellektin material elmləri ilə qovuşduğu, atomların davranışından gələcəyin texnologiyalarına qədər uzanan bir sahədə gənc alimlərin addımları yalnız elmi mühit üçün deyil, həmçinin ölkəmizin intellektual potensialı üçün mühüm siqnaldır. Belə tədqiqatçılardan biri də Bakı Mühəndislik Universitetinin (BMU) məzunu, Varşava Universitetinin doktorantı Ülkər Cabbarlıdır. O, ikiölçülü kristallardan hidrogen enerjisinə qədər geniş spektrdə aparıcı tədqiqatlara imza atmaqla yanaşı, beynəlxalq akademik mühitdə ölkəmizi uğurla təmsil edir.

AZƏRTAC Ülkər Cabbarlının elmi yolunu, araşdırmalarını və STEM-dəki sosial missiyasını daha yaxından tanımaq üçün onunla söhbətləşib.

- Ülkər xanım, əvvəlcə özünüz haqqında məlumat verərdiniz.

- Şəki rayonunun Qoxmuq kəndində anadan olmuşam. Orta təhsilimi də kəndimizdəki məktəbdə almışam. Ailəmizdə texniki fənlərə maraq atamdan gəlir. O, həmişə qızlarını elmə yönəlməyə təşviq edib. İlk müəllimlərim, ilk ilham qaynaqlarım da məhz atam və anam olub. Bu gün əldə etdiyim bütün nailiyyətlərin əsas dəstəkçiləri də elə onlardır. Məktəbdə isə riyaziyyat müəllimim Dəyanət Məmmədova və fizika müəllimim Arzu Məmmədovanın təsiri ilə bu fənlərə marağım daha da gücləndi. Onların motivasiyası və istiqamətləndirməsi sayəsində ali təhsilimi fizika sahəsində davam etdirməyə qərar verdim.

- Niyə ali məktəblər arasında BMU-nu seçdiniz?

- BMU-nu seçməyim təsadüfi olmayıb. Bu ali məktəb həm nəzəri, həm tətbiqi sahədə güclü tədris verir. Ailəm bacımın da bu universitetlə bağlı təcrübəsi olduğundan artıq BMU haqqında məlumatlı idi və oranın mənə də beynəlxalq akademik karyeraya hazırlayacaq möhkəm baza verəcəyinə inanırdılar. Hazırda da BMU Koreyanın İNHA universiteti, Çinin Kimya Texnologiya Universiteti ilə ikili diplom proqramı həyata keçirir. Bu isə gənclərin xaricə çıxışına güclü dəstək verir. Universitetdə Niftalı Qocayev, Vəli Hüseynov, Razim Bayramlı, Qaçay Nəcəfov, Hümbət Əliyev, Elməddin Hüseynov və Bəhman Məmmədli kimi müəllimlərin dəstəyi və motivasiyası mənim elmi yolumda çox önəmli oldu. Hətta ilk elmi araşdırmalarımdan birini professor Niftalı Qocayevlə birlikdə amin turşuları mövzusunda aparmışdıq. Xüsusilə də fizika-riyaziyyat elmləri doktoru professor Niftalı Qocayev və fizika-riyaziyyat elmləri doktoru professor Vəli Hüseynovun təşviqi və dəstəyi ilə fizika sahəsində davam etməyi seçdiyimi, onların verdiyi motivasiya və referansları sayəsində xarici universitetlərə qəbul olaraq elmi fəaliyyətimi davam etdirdiyimi qürurla deyə bilərəm.

- Bəs süni intellekt tətbiqlərinə marağınız necə yarandı?

- BMU-da bakalavriat təhsilim zamanı modelləşdirmə sahəsi ilə ilkin tanışlığım olmuşdu, lakin süni intellektə olan həqiqi marağım magistratura dövründə fiziki proseslərin kompüter modelləşdirilməsi ilə məşğul olduğum zaman formalaşdı. Danimarkada iştirak etdiyim yay məktəbi proqramı bu baxımdan dönüş nöqtəsi oldu. Orada Almaniyadan olan bir professorla süni intellektin material elmlərində tətbiqi barədə geniş müzakirə aparmaq imkanım yarandı. Həmin vaxt anladım ki, ən mürəkkəb material problemlərini belə süni intellekt və maşın öyrənməsi ilə həm daha sürətli, həm də daha yüksək dəqiqliklə proqnozlaşdırmaq mümkündür. Son illərdə fizika sahəsində süni intellektlə bağlı uğurların tanınması da bu sahənin yeni elmi era olduğunu aydın göstərdi. Buna görə də süni intellekt mənim üçün təkcə alət deyil, elmin gələcəyini formalaşdıran strateji istiqamətə çevrildi.

- Varşava Universitetində doktoranturaya qəbul zamanı ilk beşliyə düşmüsünüz. Bu nəticəni qazanmaq üçün nələr etdiniz?

- Bu, magistratura dövründə qazandığım möhkəm nəzəri baza, yüksək akademik göstəricilər və beynəlxalq tədqiqatlarda aktiv iştirakın nəticəsidir. Qəbul prosesi dörd mərhələdən ibarət idi: elmi nəşrlərin qiymətləndirilməsi, doktorantura işinin ilkin təsviri, qəbul imtahanı və müsahibə. Bu mərhələlər həm riyazi-fiziki bilikləri, həm də elmi yanaşmanı yoxlayırdı. İlk beşlikdə yer almaq mənə xüsusi motivasiya verdi. Çünki indiyə qədər bu göstəriciyə daha çox yerli tələbələr nail olmuşdu. Mən isə Varşava Universitetinin fizika elmləri sahəsində bu nəticəni göstərən ilk qadın və ilk beynəlxalq tələbə oldum.

- Polşa Nüvə Tədqiqatları Mərkəzində keçdiyiniz təcrübə sizə nə qazandırdı?

- NOMATEN İnstitutundakı təcrübə mənim üçün çox dəyərli oldu. Orada ikiölçülü materialların sıxlıq funksional nəzəriyyəsi və molekulyar dinamika kimi metodlarla atom səviyyəsində davranışını təhlil etdim. Bu təcrübə həm nəzəri biliklərimi dərinləşdirdi, həm də real elmi problemlərin həllinə tətbiq imkanları verdi. Hidrogen enerjisi mövzusunda dərc olunan iki məqaləmin nəticələri məhz həmin dövrdə formalaşdı. Hazırda da institutla əməkdaşlığımız davam edir və təcrübədən sonra iki yeni məqalə üzərində də birgə işləmişik.

- Sizcə, STEM-də qadınların dəstəklənməsi üçün ən praktik, ən effektli addım nədir?

- Ən praktik və təsirli addım real imkanların yaradılmasıdır: mentorluq sistemləri, laboratoriya və layihə resurslarına çıxış, təqaüd və qrant imkanları, inklüziv akademik mühit. Qadınların erkən mərhələdə rol modelləri ilə tanış edilməsi və onlara konkret peşəkar dəstək verilməsi onların bu sahədə özünəinamını və iştirakını əhəmiyyətli dərəcədə artırır. Qısası, qadınların potensialına sərmayə qoymaq və onları aktiv dəstəkləmək ən effektiv yoldur.

- “Women in STEM” və “Hokuma Aliyeva Scholarship” təqaüdlərini necə qazandınız?

- Hər iki proqram akademik nəticələrə və qadınların elm sahəsində rolunu artırmaq istiqamətində atılan addımlara diqqət yetirir. Mənim elmi nəşrlərim, beynəlxalq əməkdaşlığım, ictimai fəallığım və qadınların STEM-də iştirakı üçün həyata keçirdiyim təşəbbüslər seçim prosesində əsas rol oynadı. Qrant Avropa ölkələrindən birinə qısa elmi səfər xərclərini əhatə edirdi; Hökumə Əliyeva adına təqaüd isə Polşada təhsil alan, elmi aktivliyinə görə seçilmiş yeddi azərbaycanlı xanıma verilən xüsusi dəstəkdir. Bu dəstəklər mənim üçün həm maliyyə, həm də məsuliyyət anlamına gəlir.

- Diaspor və elmi fəaliyyətinizi eyni anda davam etdirmək çətin olurmu? Zaman bölgüsünü necə aparırsınız?

- Hər iki fəaliyyət enerji və diqqət tələb edir, amma düzgün planlaşdırma ilə hər şey mümkündür. Mən elmi tədqiqatları əsas prioritet saxlayıram. Diaspor fəaliyyətini isə tədbir və layihələrə uyğunlaşdırılmış şəkildə təşkil edirəm. Əsasən boş vaxtlarda və ya müəyyən layihə mərhələlərində iştirak edirəm. Bu barədə mənə Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli dəstəyini əsirgəmir. Düşünürəm ki, xaricdə yaşayan hər bir azərbaycanlı üçün öz ölkəsini layiqincə təmsil etmək vacibdir və bu, bizim həmrəyliyimizi, imicimizi və qlobal görünürlüyümüzü artırır.

- Sizcə, material elmlərində süni intellektin ən real, ən praktik tətbiqi hansıdır?

- Hazırda Niderlandın Delft Texnologiya Universiteti və Böyük Britaniyanın London Universitet Kolleci ilə material elmlərində süni intellekt və maşın öyrənməsinin tətbiqinə dair apardığım birgə tədqiqatlar əsasında deyə bilərəm ki, ən praktik tətbiq yeni materialların xüsusiyyətlərinin sürətli şəkildə proqnozlaşdırılması və dizaynıdır. Müasir süni intellekt modelləri kristal strukturlarının stabilliyini, elektron və mexaniki xüsusiyyətlərini tez təxmin edə bilir. Bu da illərlə davam edən prototip və hesablamaları günlərə və hətta saatlara endirir. Belə yanaşma katalizatorların, 2D materialların və enerji materiallarının kəşfini xeyli sürətləndirir.

- Doktoranturanı başa vurduqdan sonra fəaliyyətinizi harada davam etdirməyi planlaşdırırsınız?

- Məqsədim güclü beynəlxalq tədqiqat qrupunda postdoktorantura keçmək və süni intellekt əsaslı material dizaynı üzrə müstəqil tədqiqat xətti qurmaqdır. Hazırda üzərində işlədiyim digər layihələr, məsələn, Avropa İttifaqının maliyyələşdirdiyi, bəzi xəstəliklərin erkən diaqnostikasına yönəlmiş tədqiqatlar mənim peşəkar dairəmi genişləndirir. Gələcəkdə həm Avropada, həm də Azərbaycanda ortaq laboratoriya və layihələr yaradaraq gənclərin beynəlxalq şəbəkəyə çıxışını asanlaşdırmaq əsas məqsədlərimdəndir.

- Sizə limitsiz büdcə verilsəydi, hansı tədqiqat layihəsi üzərində işləyərdiniz?

- Limitsiz büdcə olsa, süni intellekt, kvant hesablamaları və eksperimental sintezə tam inteqrasiya olunmuş “ağıllı material dizaynı platforması” qurardım. Bu platforma hidrokarbonların parçalanaraq hidrogen enerjisinin alınması, 2D ərintilər və katalizator dizaynı kimi kritik sahələrdə yeni nəsil materialların kəşfini idarə olunmuş və sürətli şəkildə həyata keçirə bilərdi. Yəni elmdə təsadüfi kəşfdən idarə olunan kəşfə keçidi sürətləndirmək istərdim.

Xəbər lenti