Logo

Hikmət Quliyev: İşğaldan azad olunmuş bölgələrin mədəni reinteqrasiyasında folklor resurslarının böyük potensialı var

25.11.2025 21:36 31 baxış
IMG

Qarabağ və Şərqi Zəngəzurda son illərdə aparılan genişmiqyaslı quruculuq işləri təkcə fiziki infrastrukturu deyil, mədəni-mənəvi həyatı, kollektiv yaddaşı da bərpa etmək məqsədi daşıyır. Böyük Qayıdışın uğurlu davamı üçün ən vacib məsələlərdən biri bölgələrin folklor resurslarının reaktuallaşdırılması, yəni yenidən dövriyyəyə qaytarılmasıdır.

AMEA-dan bildirilib ki, bu barədə Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev “Laçın: mədəni yaddaşın folklordan görünən izləri” mövzusunda elmi sessiyada çıxışı zamanı məlumat verib. O, tədbirin Şanlı Zəfərin 5-ci ildönümü ilə eyni vaxta təsadüf etməsinin xüsusi mənəvi və rəmzi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, beş il əvvəl Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, həm də mədəni yaddaşını və milli kimliyini işğaldan azad edib.

Alim çıxışında 30 ilə yaxın müddətdə düşmən tapdağında qalan və darmadağın edilən Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmasının ciddi strateji və mədəni hadisə olduğunu deyərək, bu çərçivədə işğaldan azad olunan bölgələrə canlı həyatın qayıtmasının mənəvi aspektlərinə nəzər yetirib. Qarabağ və Zəngəzur folklor mühitləri çərçivəsində Laçının qeyri-maddi mədəni irsini diqqət mərkəzinə gətirən Hikmət Quliyev bu bölgənin sakral məkanları, inanc sistemləri və aşıq mühitinin unikallığını qeyd edib.

O, həmçinin Zəngəzur folklorunun qədim yaddaş qatları, mərasim ənənələrini, ağız ədəbiyyatı nümunələri və toponim yaddaşından bəhs edib. Qarabağ folklorunu isə “milli kimliyimizin ən simvolik mərkəzlərindən biri” kimi qiymətləndirib.

Son illərdə institutun bu istiqamətdə gördüyü əsas işləri tədbir iştirakçılarının diqqətinə çatdıran Hikmət Quliyev işğal dövründə bölgənin əhalisinin məskunlaşdığı müxtəlif yerlərdə ardıcıl ekspedisiyaların həyata keçirildiyini, “Qarabağ folkloru”, “Zəngəzur folkloru”, “Qərbi Azərbaycan folkloru” çoxcildliklərinin hazırlandığını, bölgə ilə bağlı kollektiv mədəni yaddaşın bərpasına yönəlmiş konfrans, simpozium və elmi sessiyaların təşkil olunduğunu söyləyib.

Direktor diqqətə çatdırıb ki, institut bu istiqamətdə yalnız material toplamaqla kifayətlənmir, həm də bölgələrin folklor modelinin sənədləşdirilməsi, sistemləşdirilməsi və yeni nəsillərə ötürülməsi üzərində çalışır.

Hikmət Quliyev azad edilmiş ərazilərin Azərbaycan üçün təkcə tarixi torpaqlar deyil, həm də kollektiv mədəni yaddaşın bərpa məkanı olduğunu bildirib. Qeyd edib ki, Böyük Qayıdış konsepsiyası yalnız fiziki infrastrukturun bərpası işləri ilə məhdudlaşmır, həmçinin milli kimliyin yenidən möhkəmləndirilməsinə xidmət edir.

“İşğaldan azad olunmuş bölgələrin mədəni reinteqrasiyasında folklor resurslarının böyük potensialı var. Hesab edirik ki, istər Qarabağ, istərəsə də Şərqi Zəngəzurun fiziki dirçəlişi bu ərazilərin mədəni dirçəlişi ilə tamamlanmalıdır. Mədəni dirçəliş isə folklorla birbaşa bağlıdır”, – deyə direktor vurğulayıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Şərqi Zəngəzur və Qarabağla bağlı həyata keçirilən genişmiqyaslı elmi-tədqiqatların əhəmiyyətinə də toxunan Hikmət Quliyev bu fəaliyyətin milli yaddaşın bərpası baxımından strateji önəm daşıdığını qeyd edib. Vurğulayıb ki, AMEA rəhbərliyinin dəstəyi ilə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbir də Akademiyanın bu istiqamətdə dövlət siyasətinin icrasına verdiyi töhfələrdən biridir.

Onun sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağın qeyri-maddi mədəni irsinin toplanması, sistemləşdirilməsi və araşdırılması AMEA-nın prioritet istiqamətlərindəndir. Bu məqsədlə Akademiyanın bir sıra institutlarında Qarabağ və Qərbi Azərbaycanla bağlı yeni şöbələrin yaradılması, bölgənin tarix, folklor və etnoqrafiyasının kompleks şəkildə tədqiq olunması bu işlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Alim bu tədqiqatların bir-biri ilə koordinasiyalı şəkildə aparılmasının dövlət siyasətinin effektiv icrası baxımından vacib olduğunu da diqqətə çatdırıb.

Hikmət Quliyev tədbir çərçivəsində Laçına həsr olunmuş “Ay Laçın: dağıntılardan dirçəlişə” adlı qısametrajlı filmin də təqdim olunacağını söyləyib. Bildirib ki, bu film gənc nəslin dəyərlər sistemi, tarixi yaddaşı və mənəvi bağlılığının möhkəmləndirilməsi məqsədi daşıyır və bölgənin mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Xəbər lenti