Avropa Türk Liseyinin 8-ci sinif şagirdləri Biofizika İnstitutunda olublar.
İnstitutdan bildirilib ki, səfərin məqsədi məktəblilərin biologiya dərslərində əldə etdikləri nəzəri bilikləri real tədqiqat prosesi ilə əlaqələndirmələri, həmçinin biomolekulyar və tibbi araşdırmalar barədə daha geniş təsəvvür formalaşdırmaları olub.
İnstitutun “Molekulyar və Hüceyrə Biokimyası” laboratoriyası ilə tanış zamanı şagirdlərə xərçəng xəstəliklərinin – o cümlədən ağciyər, süd vəzi və yoğun bağırsaq karsinomalarının – inkişafında iştirak edən hüceyrə səthi reseptorları və siqnal ötürmə zülallarının araşdırılması prosesi izah edilib. Bu çərçivədə genlərin ayrılması, plazmid vektorlara klonlaşdırılması, E. coli hüceyrələrinə transformasiya və sağlam və xəstə toxumalardan TRIzol və digər reagentlərlə total RNT-nin alınması kimi mərhələlər nümayiş etdirilib. Şagirdlər siqnal yollarında HER1, HER2 və RAS kimi zülalların tədqiqi prosesinin necə aparıldığını da müşahidə ediblər.
Daha sonra şagirdlər “Biomolekulların Strukturu, Dinamikası və Funksiyası” laboratoriyasına baş çəkiblər. Burada onlara neyrodegenerativ xəstəliklər zamanı zülalların amiloid əmələ gətirməsi, bu prosesin kinetik xüsusiyyətləri, amiloid əmələ gəlməsini ləngidən amillər və yaranmış strukturların parçalanma mexanizmləri barədə məlumat verilib. Eyni zamanda, süni intellekt texnologiyalarından istifadə etməklə insan qan plazmasının Furye Çevirici İnfraqırmızı (FÇİQ) spektrləri əsasında ağciyər xərçənginin diaqnostikası üçün klassifikasiya modelinin hazırlanması və bu istiqamətin gələcəkdə geniş skrininq üçün tətbiq imkanları şagirdlərə izah olunub.
Səfər məktəblilərin real elmi mühitlə tanışlığı, laboratoriya proseslərini yaxından müşahidə etməsi və biologiyaya olan maraqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyıb. Şagirdlər həm nəzəri biliklərini möhkəmləndirib, həm də biomolekulyar tədqiqatların tibbi diaqnostikada və elmi inkişafda rolunu daha aydın şəkildə görmək imkanı əldə ediblər.