Logo

Rektor QS forumunda BMU-nun innovasiya və beynəlxalq tərəfdaşlıq modelini təqdim edib

25.11.2025 16:33 87 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” tədbirində çıxış edib.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, rektor “Regionda qlobal səviyyədə tanınmış bir universitet qurmaq: strategiyalar və uğur hekayələri” adlı panel müzakirədəki çıxışında və moderatorların suallarına cavabında BMU-nun beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi, qlobal reytinqlərdə mövqelərinin gücləndirilməsi, tədrisdə keyfiyyət təminatı və innovasiya yönümlü mühitin formalaşdırılması sahəsində əldə olunan nəticələri diqqətə çatdırıb. O bildirib ki, universitet region üçün aktual məsələlərin həllində - nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, enerji səmərəliliyi, yaşıl enerji, su təchizatı və tullantıların idarə olunması sahələrində fəal iştirak edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə həyata keçirilən iri layihələr - azad edilmiş və digər ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, müasir infrastruktur və yüksək texnologiyalı sənaye parklarının inkişafı barədə məlumat verən rektor bütün bunların BMU üçün də geniş tədqiqat və innovasiya imkanları açdığını deyib. Bu baxımdan 6000-dən çox tələbə və müəllimə innovativ xidmətlər təqdim edən, startap layihələrini reallaşdıran və beynəlxalq akkreditasiyaya malik BMU Texnoparkının fəaliyyətinə toxunan Yaqub Piriyev bildirib ki, Texnopark ekosistemi 30-dan artıq aktiv startap və innovasiyayönümlü inkişaf istiqamətlərini əhatə edir. Bunların əksəriyyəti “ağıllı şəhər” və “ağıllı kənd” sahəsinə aid olan layihələrdir.

BMU tələbələrini beynəlxalq səviyyədə rəqabətqabiliyyətli etmək üçün süni intellekt, robototexnika və ağıllı texnologiyalar sahəsində təhsil proqramlarının daim yeniləndiyini vurğulayan rektor universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun tədbirlərini, o cümlədən BƏƏ Universiteti ilə birgə görülən işləri sadalayıb.

Yaqub Piriyev diqqətə çatdırıb ki, son iki ildə nüfuzlu reytinqlərdə mühüm irəliləyiş əldə edən BMU, həmçinin beynəlxalq əməkdaşlıq vasitəsilə mühəndislik təhsilini dünya standartlarına uyğunlaşdırır. Cənubi Koreyanın İNHA Universiteti və Çinin Pekin Kimya Texnologiyaları Universiteti ilə həyata keçirilən ikili diplom proqramları tələbələrə beynəlxalq təhsil imkanı, praktiki bacarıqlar və dünya bazarında rəqabətqabiliyyətlilik qazandırır. Dünyaca məşhur alimlərin iştirakı ilə keçirilən master-klaslar, modul dərslər və elmi-tədqiqat institutlarının yaradılması universitetin təhsil, eləcə də tədqiqat potensialını gücləndirir. Bu, məzunları yalnız praktiki bacarıqlarla deyil, həm də elmi potensialla təmin edir və Azərbaycanın milli sənayesinin inkişafına bilavasitə dəstək olur.

BMU-nun həm regional inkişaf layihələrinə töhfə vermək, həm də tələbələri dünya səviyyəsində rəqabətqabiliyyətli mühəndislər kimi yetişdirmək üçün görülən digər işləri də vurğulayan rektor bu sırada elmi-tədqiqat fəaliyyəti, eləcə də akademik heyətin gücləndirilməsi, beynəlxalq təhsil imkanlarının genişləndirilməsi və s. qeyd edib.

Noyabrın 25-26-da keçirilən “QS Avrasiya Forumu 2025” regionun ali təhsil müəssisələrinin inkişafına və qlobal akademik rəqabətliliyin artırılmasına xidmət edir. Forum universitetlərin təcrübə mübadiləsini, təhsildə keyfiyyətin yüksəldilməsini, innovasiya və startap ekosistemlərinin inkişafını, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Tədbirə beynəlxalq təşkilatların nümayəndələri, akademik ekspertlər, təhsil sahəsində lider şəxslər qatılıblar.

Xəbər lenti