Logo

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb

25.11.2025 18:21 54 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya, texnologiya, ekologiya” respublika elmi konfransının açılış mərasimi keçirilib.

Universitetdən bildirilib ki, konfrans ADPU, Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə baş tutub.

ADPU-nun rektoru professor Cəfər Cəfərov akademik Yusif Məmmədəliyevin elmi irsinin Azərbaycan kimya elminin inkişafındakı rolundan danışıb. Rektor bildirib ki, akademik Yusif Məmmədəliyevin yalnız Azərbaycan elminin deyil, həmçinin dünya kimya elminin inkişafında müstəsna xidmətləri olub. Onun elmi fəaliyyəti neft-kimya sahəsində fundamental tədqiqatların əsasını qoyub, respublikamızda bu istiqamətdə elmi məktəbin formalaşmasına və beynəlxalq elmi nüfuzun artmasına ciddi töhfə verib. Qeyd edilib ki, Ali Pedaqoji İnstitutun (indiki ADPU) məzunu olan Yusif Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi ölkəmizdə elmin idarə olunması, elmi-tədqiqat institutlarının təşkili və kadr potensialının formalaşdırılması sahəsində əvəzsiz xidmətlər göstərib, alimin təşəbbüsü ilə yaradılmış elmi müəssisələr bu gün də ölkəmizin elmi və sənaye potensialının inkişafında mühüm rol oynamaqdadır. ADPU-da akademikin xatirəsinin əbədiləşdirilməsi və onun elmi irsinin təbliği barədə söz açan rektor qeyd edib ki, universitetdə alimin adını daşıyan auditoriya fəaliyyət göstərir, eyni zamanda, Kimya və biologiya fakültəsinin yüksək akademik göstəricilərə sahib tələbələri üçün akademik Yusif Məmmədəliyevin adını daşıyan təqaüd təsis olunub. Konfransın əhəmiyyəti barədə danışan Cəfər Cəfərov yubiley tədbirinin akademik Yusif Məmmədəliyevin çoxşaxəli fəaliyyətinin daha dərindən öyrənilməsinə, onun ideyalarının elmi və mənəvi baxımdan gələcək nəsillər üçün nümunə kimi təqdim olunmasına xidmət edəcəyinə və yeni elmi nailiyyətilərin qazanılmasına töhfə verəcəyinə əminlik ifadə edib.

Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyevin elmi irsi barədə geniş məruzə ilə çıxış edib. O, görkəmli alimin XX əsr kimyasına verdiyi töhfələri, xüsusilə də neft-kimya proseslərinin elmi əsaslarının yaradılması, kataliz və üzvi sintez sahəsində apardığı fundamental tədqiqatların müasir elmin inkişafına açdığı yol haqqında danışıb. Qeyd edib ki, Yusif Məmmədəliyev tərəfindən neft karbohidrogenlərinin çevrilmə mexanizmlərinin müəyyən edilməsi, həmçinin yüksəkoktanlı benzin alınmasına dair araşdırmalar təkcə Azərbaycan elmi üçün deyil, dünya neft sənayesi üçün strateji əhəmiyyət daşıyır. Məruzəçi alim, həmçinin Y.Məmmədəliyevin rəhbərlik etdiyi elmi məktəbin bu gün də aktuallığını qoruduğunu, institutlarda və universitetlərdə davam edən fundamental və tətbiqi tədqiqatların məhz onun yaratdığı elmi bazaya söykəndiyini xüsusi vurğulayıb.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirib ki, konfransda ölkənin əsas ali təhsil və elmi-tədqiqat müəssisələrindən olan alim və tədqiqatçılar iştirak edirlər. İki gün müddətində keçiriləcək konfrans 3 istiqamət üzrə 5 bölmə iclası ilə davam edəcək. Konfransda 240-dək məruzənin təqdim edilməsi nəzərdə tutulur. Prorektor “Görkəmli təşkilatçı lider alim və ictimai xadim” adlı geniş məruzəsində akademik Yusif Məmmədəliyevin təkcə elm adamı kimi deyil, eyni zamanda, təşkilatçı rəhbər və ictimai xadim kimi çoxşaxəli fəaliyyətini iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, akademik Yusif Məmmədəliyev Azərbaycanın elmi idarəetmə sisteminin formalaşmasında mühüm rol oynayıb. Xüsusilə, alimin 1945-ci ildə Milli Elmlər Akademiyasının yaradımasında vacib rol oynayan şəxslərdən biri olduğunu qeyd edən prorektor bildirib ki, onun bu quruma rəhbərliyi dövründə elmi-tədqiqat müəssisələrində yeni laboratoriyalar yaradılıb, müasir elmi avadanlıqlar tətbiq olunub, gənc tədqiqatçıların yetişməsi üçün xüsusi elmi mühit formalaşdırılıb. Görkəmli alimin mühüm töhfələrindən biri də Azərbaycan kimya elminin beynəlxalq arenada tanıdılması, dünyanın aparıcı elmi mərkəzləri ilə əlaqələrin qurulması olub. Asəf Zamanov bildirib ki, alim tərəfindən katalitik proseslərin inkişafına dair təkliflər dövrün elmi-texniki siyasətində prioritet sayılırdı və sənaye müəssisələrində tətbiqi üçün xüsusi laboratoriyalar yaradılmışdı. Yusif Məmmədəliyev yüksək elmi biliklərlə yanaşı, böyük idarəçilik bacarığına, pedaqoji səriştəyə və geniş ictimai nüfuza sahib şəxsiyyət idi.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, NDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Dosent Elsevər Əsədov və digər çıxışçılar alimin Azərbaycan elminə verdiyi töhfələrdən söz açıblar.

Konfrans “Kimyanın aktual problemləri”, “Yaşıl enerji və ekoloji problemlər” və “Kimyanın tədrisinin müasir üsulları” mövzularında bölmə iclasları ilə davam edib. Konfransın sessiyalarında neft-kimya prosesləri, yaşıl texnologiyalar, ekoloji dayanıqlıq, yeni katalizatorların hazırlanması və kimya tədrisində innovativ yanaşmalar kimi mövzular üzrə elmi məruzələr təqdim olunacaq.

Xəbər lenti