İngiltərənin “Cambridge Scholars Publishing” nəşriyyatı tərəfindən “Qərbi Azərbaycan və Zəngəzur dəhlizi: tarix, iqtisadiyyat, hüquq və regional güc mübarizəsi” kitabı çap olunub. Kutab Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk dünyası sosial, iqtisadi və siyasi əlaqələr bölməsinin rəhbəri professor Vəfa Qurbanın redaktorluğu ilə hazırlanıb.
Nəşrdə Cənubi Qafqazın geosiyasi baxımdan ən kritik bölgələrindən biri araşdırılır. Tədqiqatın əsas məqsədlərindən biri Qərbi Azərbaycan həqiqətinin beynəlxalq ictimaiyyətə elmi və anlaşılan bir şəkildə çatdırılmasını təmin etməkdir. Bu məqsədlə xüsusilə Rusiya arxiv sənədlərinə əsaslanaraq Qərbi Azərbaycan bölgəsinin tarixinin arxa fonu, bölgədə aparılan demoqrafik dəyişiklik prosesləri və Ermənistan dövlətinin Qərbi Azərbaycan torpaqları üzərində necə qurulduğu ətraflı şəkildə izah edilir.
Nəşrdə, həmçinin tarix, hüquq, iqtisadiyyat və strateji sahələr üzrə mütəxəssis və tədqiqatçılar tərəfindən aparılmış multidissiplinar təhlillər vasitəsilə Türk dünyası üçün həyati əhəmiyyət daşıyan və regional sabitlik baxımından böyük önəm kəsb edən Zəngəzur dəhlizinin keçmişi, bu günü və gələcəyi araşdırılır.
Kitab həm akademiklər, həm də siyasətçilər üçün çox dəyərli istinad mənbəyidir.
Nəşrin hazırlanmasına professor Cavid Abdullazadə, dosentlər Hamit Özman və Oğuzhan Ergün, eləcə də müəllim Nurlan Çümən Aşçı, Berrin Sarı və Vəkil Burçin Oğuz öz töhfələrini veriblər.