Logo

“Məktəblinin hüquq bələdçisi” layihəsi keçirilib

24.11.2025 14:40 34 baxış
IMG

Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə Gəncə-Daşkəsən və Lənkəran-Astara regional təhsil idarələrinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Məktəblinin hüquq bələdçisi” layihəsi keçirilib.

Nazirlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, layihə çərçivəsində Gəncə şəhərində, Göygöl rayonunda, Lənkəran şəhərində, Astara şəhərində ümumilikdə 12 ümumtəhsil məktəbində təhsilalanlar arasında “İnsan alveri”, “Mülkiyyət əleyhinə törədilən cinayətlər”, “Bullinq və ictimai təzyiq”, “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması” və “Narkomaniya ilə mübarizə” mövzularına həsr olunmuş hüquqi maarifləndirmə tədbirləri, müxtəlif interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər keçirilib. Sözügedən tədbirlərdə 1000 nəfərə yaxın şagird iştirak edib.

Layihənin əsas məqsədi məktəblilərin hüquqi biliklərinin artırılması, hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, onlara hüquq mədəniyyətinin təməl prinsiplərinin aşılanması, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmlərinin öyrədilməsi, həmçinin vətəndaş məsuliyyətinin və hüquqi düşüncə tərzinin inkişaf etdirilməsindən ibarətdir.

 

Xəbər lenti