Logo

Yeni təhsil modeli repetitorluğa son qoyacaq?

23.11.2025 13:57 91 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsilin əsas məqsədi uşaqları yalnız ali məktəbə qəbul imtahanına hazırlamaqdan ibarət olmamalıdır. Onun sözlərinə görə, hazırkı təhsil modeli çox vaxt “yarış” üzərində qurulduğu üçün repetitorluğun geniş yayılmasına gətirib çıxarır.

Nazir qeyd edib ki, yeni yanaşmanın əsas hədəfi məktəb daxilində elə bir sistem qurmaqdır ki, müəllimlər dərsdən sonra şagirdlərlə məktəbin özündə işləsin, öyrənmə prosesi məktəbin daxilində mərkəzləşsin və əlavə hazırlıqdan asılılıq azalsın. Onun sözlərinə görə, bu islahatların ideyası ondan ibarətdir ki, dövlətin müəllimə etibar etdiyi şagirdin öyrənməsi bilavasitə məktəbdə təmin edilsin və təhsilin dəyəri yalnız qəbul nəticələri ilə ölçülməsin.

Bəs bütün bunlar repetitorluğun tamamilə aradan qalxmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov Musavat.com-a danışıb. Onun fikrincə, repetitorluğun geniş yayılmasının səbəbi təkcə şagirdin imtahana hazırlaşma istəyi deyil, uzun illər boyunca formalaşmış struktur boşluqlar, yüklü imtahan modeli və məktəbdaxili öyrənmə mühitinin zəif təşkili olub:

"Qəbul imtahanlarının çətinliyi, məzmunun spiral şəkildə qurulmasına baxmayaraq şagirdin 5–6–7-ci siniflərdə öyrəndiyi mövzuların yadından çıxması və bunların 11-ci sinif imtahanlarında yenidən sınağa çəkilməsi repetitorluğa tələbatı kəskin artırıb. Bu amillər göstərir ki, təhsil sistemi illərlə “kənarda öyrənmə” üzərində qurulduğundan məktəbin özündə bilik və bacarıqların möhkəmləndirilməsi ikinci plana keçmişdi.

Elm və Təhsil Nazirliyinin son 5 ildə apardığı islahatların mahiyyəti məhz bu boşluğu doldurmaq, təhsilin strateji xəttini yenidən məktəbə qaytarmaq və repetitorluğa kütləvi ehtiyacı azaldacaq davamlı mexanizmlər yaratmaqdır. Apardığım təhlillər göstərir ki, son illərdə müəllimlərin əməkhaqqı əvvəlki dövrlə müqayisədə 2,1 dəfə artıb, sertifikasiya mexanizmi tətbiq olunduqdan sonra yüksək nəticə göstərən müəllimlərin maaşına 300–500 manat əlavə olunub və hazırda 30 mindən çox müəllim bu əlavəni alır. “Təhsil haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, dövlət təhsilin keyfiyyətini təmin etmək üçün məktəblərdə pedaqoji prosesin təşkilinə, müəllim hazırlığına və şəffaf qiymətləndirməyə məsuliyyət daşıyır. Məhz bu hüquqi baza üzərində həyata keçirilən yeni yanaşma – müəllimin məktəbdə tam gün işləməsi, əlavə fəaliyyətin məktəb daxilində təşkili, şagirdlə dərsdən sonra fərdi işin gücləndirilməsi – repetitorluğun sosial səbəblərini aradan qaldırmağa istiqamətlənib.

Aparsığım araşdırlamar göstərir ki, repetitorluğun əsas səbəbi şagirdin imtahan modelinə uyğun bilik əldə etməməsi idi. 2023–2024-cü tədris ilinin statistikası bunu təsdiqləyir: 11-ci sinif şagirdlərinin 68 faizi qəbul imtahanında ən çox çətinliyi məhz əvvəlki illərin mövzularında yaşayıb. Bu, məktəbdə uzunmüddətli tədrisin ardıcıllığının zəif olması ilə bağlı idi. Eyni zamanda bəzi müəllimlərin dərsdə öyrətməyib, enerjisini günün sonunda repetitorluğa saxlaması, ikiqat standart yaratması da problemin güclənməsinə səbəb olmuşdu. Nazirlik məhz bu qeyri-peşəkar davranışın qarşısını almaq üçün yeni iş modelini təqdim edir və tamamilə haqlı olaraq bildirir ki, dövlətin müəllimə etibar etdiyi şagirdin öyrənməsi məktəbin özündə təmin edilməlidir. Bu yanaşma həm pedaqoji etikanı, həm də müəllim nüfuzunu qoruyur".

Kamran Əsədov həmçinin vurğulayıb ki, repetitorluğun kütləvi olduğu ölkələrdə məktəb sistemi zəif fəaliyyət göstərir:

"Koreyada repetitor bazarı ildə 20 milyard dollardan çox dövriyyə yaradırdı, ta ki hökumət məktəbdaxili saatları və müəllim nəzarətini artırana qədər. Estoniyada isə məktəb saatları genişləndirilərək şagirdə məktəbdə öyrənmək üçün əlavə vaxt yaradıldığı üçün repetitorluq yalnız 8–10 faiz həcmdə mövcuddur. Bu tendensiya göstərir ki, məktəb öyrətdikdə kənar hazırlığa ehtiyac azalır. Azərbaycan hazırda məhz bu modeli mənimsəyir və bu, istiqamət baxımından beynəlxalq təcrübədən geri deyil, əksinə, bir çox ölkədən daha cəsarətli addımlarla irəliləyir.

Son 5 ildə nazirlik məktəb infrastrukturunun yaxşılaşdırılması, müəllimlərin motivasiyasının artırılması, elektron resursların genişləndirilməsi, məktəb rəhbərlərinin seçilməsində şəffaflıq, kurikulumun həcminin optimallaşdırılması və qiymətləndirmədə obyektiv alətlərin tətbiqi ilə repetitorluğa olan sistem asılılığını qırmaq üçün mühüm baza yaradıb. Şagirdlər üçün rəqəmsal resursların istifadəsi 4 dəfə artıb, məktəblərin internet təminatı 3 dəfə yaxşılaşıb, STEAM və laboratoriya imkanları daha geniş əlçatan edilib. Bu göstəricilər göstərir ki, məktəb tədricən paralel təhsil bazarının əvəzləyicisinə çevrilir".

Təhsil mütəxəssisin fikrincə, yeni model tətbiq olunduqca repetitorluğun kütləvi forması zəifləyəcək, çünki şagird günün sonunda ehtiyac duyduğu dəstəyi məktəbin özündə alacaq:

"Məqsəd nə repetitorluğu qadağan etməkdir, nə də fərdi hazırlığı inzibati yolla məhdudlaşdırmaq. Məqsəd repetitorluğa ehtiyacı yaradan səbəbləri aradan qaldırmaqdır. Məktəbdə müəllimin tam gün işləməsi, fərdi dəstək, qruplarla məşğuliyyət, imtahana hazırlığın məktəbdaxili resurslarla təmin edilməsi və yüksək nəticə göstərən müəllimin maddi rifahının yaxşılaşdırılması bu məqsədə xidmət edir. Nəticədə həm müəllim nüfuzu artır, həm təhsil daha mərkəzləşmiş olur, həm də şagirdlərin əlavə hazırlığa olan məcburi ehtiyacı azalır.

Bu islahatların ən mühüm tərəfi ondan ibarətdir ki, uzun illərdir həll olunmayan struktur problemlər – məktəbin funksiyasından uzaqlaşması, müəllim fəaliyyətinin parçalanması, qiymətləndirmə təzyiqi və tədrisdə motivasiya çatışmazlığı – ilk dəfədir ki, sistemli şəkildə aradan qaldırılır. Nazirlik bu sahədə ardıcıl, analitik və nəticə yönlü siyasət yürüdür və bu siyasətin hədəfi həm müəllimi gücləndirmək, həm də şagirdi məktəbə qaytarmaqdır. Bu yanaşma təhsil sistemini daha səmərəli, daha dürüst və daha şəffaf modelə doğru aparan ən real addımdır".

Xalidə Gəray
Musavat.com

Xəbər lenti