Logo

I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu bölmə iclasları ilə davam edib

22.11.2025 21:30 26 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunmuş I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu bölmə iclasları ilə davam edib.

AMEA-dan bildirilib ki, simpoziumun keçirilməsində əsas məqsəd Türk dünyasının zəngin musiqi folklorunun, xüsusən balaban, zurna və saz kimi musiqi alətlərinin tarixi köklərini, mədəni kimlikdəki yerini, kollektiv mədəni yaddaşdakı izlərini elmi müstəvidə araşdırmaq, müasir yanaşmalar əsasında təqdim etməkdir.

Beynəlxalq tədbirin bölmə iclasları sənətşünas-alimlərdən professor Abbasqulu Nəcəfzadə, dosent Rauf Bəhmənli, filoloq-alimlərdən professor Ramazan Qafarlı, professor Kubilay Gürbiz, professor Ramil Əliyev, professor Kuanşbek Türeke, professor Azatgül Taşmatova, dosent Səba Namazova, dosent Sanatjon Sariyev, Ozan Şiar Ağdaşan, dosent Bekarys Nurimanın moderatorluğu ilə baş tutub.

İclaslarda Türk dünyasında ortaq musiqi kodları və mədəni yaddaş, musiqi mədəniyyətinin formalaşması və tarixi inkişaf mərhələləri, türk nəfəs və simli alətlərinin tarixi təkamülü, aşıq sənəti və onun müasir problemləri, Azərbaycan ənənəvi musiqisində balaban, zurna, saz, tar, kamança və s. alətlərin yeri və rolu, yazılı və şifahi ədəbiyyatda balaban, milli musiqi alətlərinin hazırlanması sahəsində problemlər və perspektivlər, Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədənin yaradıcılığı, Türk dünyasında zurna-balaban sənətinin tədqiqi istiqamətlərini əhatə edən mövzularda məruzələr təqdim olunub.

Simpozium AMEA-nın Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Musiqi və İncəsənət Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Hoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Xəbər lenti