“AzerGold” QSC-nin müşaviri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin professor-müəllim heyəti üçün təqdimatla çıxış edib.
AzerGold” tərəfindən “Müasir innovativ kəşfiyyat metodlarının tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının filiz potensialının qiymətləndirilməsi” mövzusunda keçirilən təqdimat dövlət şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin əsas istiqamətləri, ölkəmizin mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə salınması istiqamətində həyata keçirilən fəaliyyət ilə bağlı mövzuları əhatə edib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” tərəfindən icra edilən proqrama əsasən Kiçik Qafqaz sıra dağları - Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonları, eləcə də Naxçıvan MR-i əhatə etməklə ümumilikdə 15 409 km² sahədə kompleks geoloji tədqiqatların aparılması nəzərdə tutulub.
Çıxış zamanı dövlət şirkəti tərəfindən helikopterlə aparılan müasir və qeyri-invaziv axtarış metodlarından biri olan aeroelektromaqnetik tədqiqatlar haqqında bəhs edilib. Qeyri-invaziv tədqiqatların əhəmiyyəti, bu metodun daha qısa müddətdə perspektivli sahələrin müəyyən olunmasına və yüksək maliyyə tələb edən buruqqazma işlərinə qənaət edilməsinə verdiyi töhfələr, eləcə də ekoloji səmərəliliyi vurğulanıb.
Ş.Musayev təqdimatında qeyd edib ki, geoloji tədqiqatların nəticələri yeni perspektivli sahələrin müəyyən olunmasına, gələcək hasilat işlərinin isə dövlət tərəfindən təyin ediləcək operatorlar tərəfindən həyata keçirilməsinə şərait yaradacaq. Geoloq eyni zamanda mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsi ilə bağlı görülən işlərdən də bəhs edib, Şərqi Zəngəzur iqtisadi rayonunda, Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqatların gedişatı barədə ətraflı məlumat verib.
Cəmiyyətin 9 illik fəaliyyəti ərzində hasilat, ixrac, vergi və sosial ödənişlər, pərakəndə satış həcmləri, gəlirlər üzrə statistik göstəricilər, həmçinin həyata keçirilən sosial məsuliyyət layihələri barədə məlumatlar da tədbir iştirakçılarına təqdim edilib.
Tədbir sual-cavab və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam edib.



