Logo

Seyid Əzim Şirvaninin Azərbaycan maarifçiliyində rolu

26.11.2025 16:19 130 baxış
IMG

26 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin elmi və ictimai irsinə həsr olunmuş “Seyid Əzim Şirvaninin Azərbaycan maarifçiliyində rolu” mövzusunda dəyirmi masa keçirilib. 

İclası giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Seyid Əzim Şirvaninin yaradıcılığının Azərbaycanın ədəbi-mədəni inkişafında xüsusi mərhələ yaratdığını, onun maarifçilik ideyalarının bu gün də öz aktuallığını qoruduğunu diqqətə çatdırıb. Direktor müavini bildirib ki, Şirvani təkcə klassik poeziyada yeniləşmə cərəyanının təşəbbüskarı kimi deyil, həm də cəmiyyətin intellektual yüksəlişinə çalışan maarifçi ziyalı kimi tarixi əhəmiyyətə malikdir.

“Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov “S.Ə.Şirvani və dövrün ictimai-siyasi prosesləri”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Zəfər Kərimov “S.Ə.Şirvaninin həyat və fəaliyyəti haqqında”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru,dosent Ramil Niftəliyev S.Ə.Şirvaninin yaradıcılığı və müridizm” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə böyük maarifçinin ədəbi-bədii irsinin ideya istiqamətləri, şeirlərindəki fəlsəfi-ictimai məzmun, eləcə də onun pedaqoji fəaliyyətinin dövrün təhsil mühiti üçün əhəmiyyətli yeniliklər gətirdiyi xüsusi olaraq vurğulanıb. İştirakçılar Seyid Əzim Şirvaninin Azərbaycan maarifçilik ənənələrinin formalaşmasına verdiyi töhfələrin bölgənin ictimai düşüncəsinin inkişafında oynadığı rolu müxtəlif aspektlərdən təhlil ediblər.

Müzakirələr zamanı alimlər Şirvaninin elmi-pedaqoji baxışlarının müasir təhsil fəlsəfəsi ilə səsləşən tərəflərinə toxunaraq, maarifçi poeziyanın gənc nəsillərin dünyagörüşünə təsir imkanlarını diqqət mərkəzində saxlayıblar. Dəyirmi masada Şirvaninin dövrün köhnəlmiş düşüncə tərzinə yönəltdiyi tənqidi yanaşmaların bu gün üçün də dəyərli intellektual örnək təşkil etdiyi bildirilib.

Tədbirin sonunda iştirakçılar Seyid Əzim Şirvaninin həyat və yaradıcılığının daha dərindən araşdırılması, onun maarifçilik irsinin geniş ictimaiyyət arasında təbliği və yeni elmi layihələrin hazırlanması istiqamətində bir sıra təkliflərlə çıxış ediblər.

 

Bir platforma şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir bir və ya daha çox şəxs şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.

Xəbər lenti