Logo

Bakı Dövlət Universitetinin nümayəndə heyəti QS Avrasiya Forumunda iştirak edir

26.11.2025 11:15 50 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universitetində keçirilən QS Avrasiya Forumunda iştirak edir.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, bu tədbir ali təhsil sistemində yeni körpülərin qurulması, Avrasiyanın akademik potensialının dünyaya tanıdılması və universitetlər arasında daha sıx əməkdaşlıq mexanizmlərinin formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.

Açılış mərasimində “Quacquarelli Symonds” (QS) şirkətinin prezidenti və İdarə Heyətinin sədri Nuntsio Kuakuarelli, Mərkəzi Asiya Universitetinin Himayəçilər Şurasının sədri Abdujabbor Abduvahitov, həmçinin Birləşmiş Krallığın Özbəkistandakı səfiri Timoti Smart çıxış edərək forumun mahiyyəti və prioritet istiqamətlərinə dair fikirlərini bölüşüblər. Onların çıxışlarında Avrasiyanın ali təhsil sahəsində yüksələn qlobal mərkəzə çevrilməsi, elmi-innovativ əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq şəbəkələrin genişləndirilməsi kimi strateji məsələlər vurğulanıb.

Forumun açılışından sonra keçirilən sessiyada Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Racabov, Qazaxıstanın elm və ali təhsil naziri Nurbek Sayasat və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək regional inkişaf strategiyaları, elmi potensialın gücləndirilməsi və Avrasiyanın qlobal akademik məkanla daha sıx inteqrasiyası məsələlərinə toxunublar.

BDU nümayəndə heyətinin forumda iştirakı universitetin beynəlxalq mövqeyinin gücləndirilməsi, strateji tərəfdaşlığın genişləndirilməsi və Avrasiya təhsil məkanında gedən müasir proseslərə fəal şəkildə qoşulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində universitet nümayəndələri ali təhsilin qlobal trendləri, innovasiyayönümlü idarəetmə modelləri, elmi-tədqiqatın beynəlmiləlləşdirilməsi və regional əməkdaşlıq perspektivləri üzrə keçirilən panel müzakirələrində və sessiyalarda iştirak ediblər.

Xəbər lenti