Logo

Aşqarlar Kimyası İnstitutunda aparılan elmi tədqiqatlar zamanı mühüm nəticələr əldə olunub

26.11.2025 15:50 20 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2025-ci ildə “Zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi” probleminin həlli istiqamətində aparılan tədqiqatlar zamanı mühüm nəticələr əldə olunub.

Bu sözləri müsahibəsində Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məhsul şəxsi və elmi işçisi Kəmalə Məmmədova söyləyib.

Kəmalə Məmmədova bildirib ki, bunlar əsasən, motor yağları üçün yüksək qələvili çoxfunksiyalı AKİ-152 aşqarının alınması, sürtkü yağlarının triboloji xassələrini effektiv yaxşılaşdıran aşqarların, yüksək texnologiyalı funksional materiallar üçün yeni Şiff əsaslarının və ekoloji tələblərə cavab verən qrafit sürtküsünün alınması, bəzi ferment və onların izo formalarının ikili inhibitorlarının yaradılması, COVID-19 əleyhinə potensial dərman kimi qlikirrizin qarşılıqlı təsir mexanizminin molekulyar dokinq təhlili və farmakofor modeli, potensial bakterisid xassəli yeni heterotsiklik birləşmələrin kompüter əsaslı kimyəvi tədqiqi və o cümlədən bioloji aktiv dərman maddələrinin alınması və müfəssəl tədqiqi ilə bağlıdır.

Elmi işçi vurğulayıb ki, tətbiqi xarakterli mühüm nəticələr isə itiyerişli yerüstü texnikanın yüksək gücləndirilmiş dizel mühərrikləri üçün motor yağı və sürtkü yağlarının yeyilməyə və siyrilməyə qarşı xassələrini effektiv şəkildə yaxşılaşdıran yeni aşqar kompozisiyasının yaradılmasından ibarətdir.

Fundamental və tətbiqi xarakterli elmi tədqiqatların nəticələri 3 kitab və monoqrafiya, nüfuzlu jurnallarda çap olunan 36 elmi məqalədə (onlardan 25-i xaricdə) və 16 patentdə əks olunub.

Xəbər lenti