Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi dosent Elmira Cəfərova Özbəkistanın Səmərqənd şəhərində “İpək Yolu” Beynəlxalq Tədqiqat İnstitutu tərəfindən keçirilən “İpək Yolunun maddi-mədəni irsinin öyrənilməsi və qorunmasının aktual məsələləri" II Beynəlxalq Simpoziumunda iştirak edib.
İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Çin, ABŞ, Şotlandiya, Böyük Britaniya, Avstriya, Almaniya, Niderland, Yaponiya, Monqolustan, Rusiya və digər ölkələrdən tanınmış arxeoloqlar, memarlar, bərpaçılar, muzeyşünaslar məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, “İpək Yolu” Beynəlxalq Tədqiqat İnstitutu 2021-ci ildə “İpək Yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin nəzdində təsis edilib.
Simpoziumun rəsmi açılışından sonra “Arxeologiya və İpək Yolunun erkən sivilizasiyaları”, “İpək Yolunun maddi mədəni irsinin obyektləri: tədqiqat, bərpa, muzeyləşdirmə və populyarlaşdırma”, “İpək Yolu ölkələrinin turizm sənayesinin inkişafında dekorativ-tətbiqi və təsviri sənət, innovativ texnologiyalar” bölmələri üzrə məruzələr dinlənilib.
Dosent Elmira Cəfərova tədbirdə “İpək Yolu Azərbaycanın orta əsr şəhərlərinin urbanizasiya amili kimi” mövzusunda məruzə ilə çıxış edib. O, həmçinin “Arxeologiya və İpək Yolunun erkən sivilizasiyaları” adlı birinci bölməyə moderatorluq edib.
Tədbir çərçivəsində iştirakçılar, doktorantlar və tələbələr üçün dəyirmi masa və ustad dərsləri təşkil olunub. Simpoziumun bağlanış hissəsində iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.