Hazırda 86 min 532 uşaq məktəbəhazırlıq qruplarında təlim-tədrisə cəlb edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib. Məlumatda qeyd olunub ki, məktəbəhazırlıq qruplarının ölkə üzrə əhatə dairəsi 74 faizdir.
Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələbat və imkanlarını nəzərə almaqla onların inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Bununla yanaşı, məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.