Logo

Əməkdar jurnalist: İnsanın öz dövlətinin bayrağı altında yaşaması böyük xoşbəxtlikdir

26.11.2025 17:11 21 baxış
IMG

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Əməkdar jurnalist Elçin Mirzəbəyli “Məktəbdə...” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, layihənin budəfəki görüşü paytaxtdakı 132-134 nömrəli liseydə keçirilib.

Qonaq məktəblilərlə söhbətə özünün məktəb illəri, müəllimləri ilə bağlı xatirələrindən, ölkəmizin müstəqillik uğrunda mübarizəsinin başlandığı dövrlərə təsadüf edən gənclik, tələbəlik illərindən başlayıbı.

Son dövrlər təhsil sahəsində aparılan islahatlardan söz açan deputat bu islahatların uğurlu nəticəsinin olacağına inamını ifadə edib, məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyindən danışıb, bu məsələdə cəmiyyətin həmrəylik nümayiş etdirməsinin önəmini vurğulayıb. Yeniyetmə və gənclərin ictimai həyatın müxtəlif sahələrindəki fəallıqlarını, öz bacarıqlarını inkişaf etdirmək üçün göstərdikləri səyləri yüksək qiymətləndirən qonaq süni intellekt əsrinin həyatımıza təsirləri haqqında fikirlərini bildirib, məktəblilərə öz tövsiyələrini verib.

Qarabağ Zəfərindən, işğaldan sonra yeni həyatını yaşayan doğma yurd yerlərimizdən, Böyük Qayıdışdan bəhs edən Elçin Mirzəbəyli şeirə, sənətə olan bağlılığından da danışıb, Vətən müharibəsi günlərində qələmə aldığı “Bir nəfəs qədər yaxın” şeirini səsləndirib. Məktəbliləri Vətəni ritorikasız, pafosdan uzaq sevməyə səsləyən qonaq onları qalib ölkənin vətəndaşları olduqları və öz müstəqil dövlətlərinin bayrağı alında yaşadıqları üçün xoşbəxt nəsillər adlandırıb.

Elçin Mirzəbəyli şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirib, vacib mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi aparıb.

“Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Xəbər lenti