Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının müdiri dosent Elnur Mehdiyevin yeni dərs vəsaiti işıq üzü görüb.
Bu barədə TƏHSİL.BİZ-ə universitetin mətbuat katibi Şahanə Müşfiq məlumat verib. O bildirib ki, “Kinorejissorluğun vizual dilinin konstruksiyası” adlı dərs vəsaiti rejissor sənətinin nəzəri və praktik əsaslarını sistemli şəkildə təqdim edir. Kitabda bədii, sənədli və animasiya filmlərinin quruluşunda rejissorun rolu, ekran əsərinin ideya, məzmun strukturunun formalaşdırılması, vizual dilin yaradılması və audiovizual ifadə vasitələrinin idarə edilməsi kimi əsas mövzular ətraflı şəkildə şərh olunur.
Kitabda rejissorun yaradıcılıq düşüncəsi, estetik baxışı, dramaturji yanaşması, aktyorlarla və yaradıcı komanda ilə əməkdaşlıq prosesləri geniş izah edilir. İşıq, rəng, kompozisiya, musiqi, səs və məkan kimi vizual, emosional komponentlərin filmin ümumi bədii bütövlüyünə təsiri təhlil olunur.
Dərs vəsaiti, həmçinin rejissorun liderlik keyfiyyətlərini, ekran dilinin formalaşdırılması mərhələlərini və filmin vizual dramaturgiyasının qurulmasını praktik və nəzəri nümunələrlə açıqlayır. Bu material kino və televiziya ixtisaslarında təhsil alan tələbələr üçün rejissorluq sənətinin mahiyyətini, funksiyalarını və yaradıcılıq prosesinin incəliklərini anlamaqda dəyərli tədris mənbəyidir.