Logo

Azərbaycan Dillər Universitetində Çin kinosunun tarixinə həsr edilmiş seminar

26.11.2025 20:51 34 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin kinosu: dünən, bu gün, sabah” mövzusunda tələbə elmi seminarı keçirilib. Seminar Çin kinosunun 120 illiyinə həsr edilib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin kinosunun tarixi və “qızıl dövr”ü haqqında danışıb. O, texnologiyanın inkişafı, mədəni mübadilənin genişlənməsi və film yayımı üçün yeni platformaların inkişafı ilə Çin kinosunun qlobal kino bazarında əhəmiyyətli bir oyunçuya çevrildiyini, beynəlxalq film festivallarında nüfuzlu mükafatlar qazandığını və qlobal mədəniyyətə təsirini artırdığını qeyd edib.

Seminarda Azərbaycanın Çində keçirilən beynəlxalq film festivallarında iştirakı, Şanxay Beynəlxalq Film və Televiziya Bazarı, Asiya Beynəlxalq Film Festivalı və İpək Yolu beynəlxalq film festivalı, Çin rejissorlarının filmlərinin Azərbaycanda nümayişindən də bəhs edilib.

ADU-nun çinşünas tələbələri sosial dram janrında çəkilmiş ilk Çin filmi “Yeni qadınlar” və ilk tammetrajlı bədii film olan “Yan Ruishen”, fəhlə və kəndlilərin zülmkarlara qarşı mübarizəsini təsvir edən ən qədim və ən populyar janr olan “döyüş sənəti kinosu” və “qırmızı kino” haqqında çıxış ediblər. Qeyd edilib ki, Çin kinosunda komediyaların, realist sevgi dramlarının və epik hekayələrin ortaya çıxması kinoda özünəməxsus Çin kimliyi yaratmaq cəhdi ilə əlaqəlidir.

Tələbələr Çin kinosunun inkişaf tendensiyaları, döyüş filmləri, trillerlər, tarixi və ailə dramları kimi yeni janrlarda filmlərin yaranması, Çin əfsanələrinin, habelə müzikllər, arthaus və müəllif filmləri kimi müasir janrların ekranlaşdırılması haqqında da danışıblar.

Seminar Çin kinosunun məşhur nümunələrindən olan və Tan sülaləsinin son dövrlərindən bəhs edən “Qızıl çiçəyin lənəti” filminin nümayişi ilə başa çatıb.

Xəbər lenti