Logo

BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib

26.11.2025 16:53 13 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Vətən müharibəsində hərbi jurnalist kimi informasiya savaşının ön sıralarında döyüşən, erməni terroru nəticəsində Kəlbəcərin Susuzluq kəndi yaxınlığında minaya düşərək həlak olan Məhərrəm İbrahimovun xatirəsinə həsr olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib.

BDU-dan bildirilib ki, Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev bu kimi tədbirlərin keçirilməsinin gənc jurnalistlərin peşəkarlaşmasında böyük rol oynadığını qeyd edib. Kitabın şəhid jurnalistin həyat və yaradıcılığını əhatə etdiyini bildirib.

Milli Məclisin deputatı, kitabın rəyçisi Rizvan Nəbiyev nəşrin təkcə şəhid jurnalist Məhərrəm İbrahimovun peşəkar fəaliyyətini deyil, həm də onun Vətənə və peşəsinə olan sadiqliyini əks etdirdiyini söyləyib. O, çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edərək, müharibənin Ordumuzun hərbi şücaəti ilə yanaşı, xalqımızın milli birliyinin, mətbuatın ön və arxa cəbhədə göstərdiyi fədakarlığın təcəssümü olduğunu vurğulayıb.

Kitabın müəllifi jurnalist Əsgər Əlioğlu qardaşı Məhərrəm İbrahimovun peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olduğunu deyib. O bildirib ki, Məhərrəm İbrahimov Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilib, daim qaynar nöqtələrdə olub, hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirib. Vətən müharibəsindən sonra Məhərrəm İbrahimov erməni vandallarının viran qoyduğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kəndbəkənd gəzərək dağıntıları lentə alıb, tarixə çevirib. Əsgər Əlioğlu “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının Məhərrəm İbrahimovun gördüyü işlərin daha geniş kütləyə çatdırılması məqsədilə dörd il ərzində yazıldığını vurğulayıb.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli çıxışlarında Məhərrəm İbrahimovla bağlı xoş xatirələrini bölüşüblər. Onlar şəhid jurnalistin zəhmətkeşliyindən, əzmkarlığından və insani keyfiyyətlərindən söhbət açaraq, onun xatirəsinin daim yad ediləcəyini qeyd ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb. Müəllif tələbələrə imzalı kitabını təqdim edib.

Xəbər lenti