Logo

Saxa əlifbasının latınlaşması: Qafqaz və Türk dünyası üçün ilk model

26.11.2025 20:49 35 baxış
IMG

İnqilabın ilk illərində latın qrafikalı əlifbaya dərhal keçməyin çətinliyini, bəlkə də mümkünsüzlüyünü anlayan yeni hökumət, Xalq Komissarları Soveti inqilabdan əvvəlki əlifbaya müəyyən düzəlişlərin edilməsi barədə dekret imzaladı. Yəni çar Rusiyası dövründə istifadə olunan Kirill əlifbası bir qədər sadələşdirilərək o vaxt üçün həyati əhəmiyyət daşıyan çap işləri davam etdirildi. Lakin bu dəyişikliklərə heç kim ciddi fikir vermir, qəzet və jurnallar inqilabdan əvvəlki əlifba ilə çap olunmağa davam edirdi. Yalnız Moisey Qoldşteynin (V.Volodarskinin) sərt göstərişindən sonra Peterburqdakı bütün mətbuat yeni əlifbaya keçdi. Bu isə bolşeviklərin və onlara yaxın alimlərin latın qrafikası ideyasından uzaqlaşdıqları anlamına gəlmirdi. Bu siyasəti həyata keçirənlərdən biri olan dilçi-alim Nikolay Yakovlev 1932-ci ildə yazırdı ki, SSRİ-də əlifbaların latınlaşdırılması Oktyabr inqilabından dərhal sonra başlandı. Onun sözlərinə görə, hələ 1917-ci ildə Yakutiyada missioner təbliğatının əsas aləti olan Kirill qrafikalı əlifbanın dəyişdirilməsi məsələsi gündəmə gətirilmiş və latın qrafikalı yazı ilə əvəz olunmuşdu.

Bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun “Latın qrafikalı saxa əlifbası latına ilk keçid idi” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Zəngin maddi və mənəvi mədəniyyətə malik saxalar türk xalqları arasında latın qrafikasına keçən ilk toplum olublar. Milliyyətcə saxa türkü olan Semyon Novqorodov 1917-ci ildə 33 hərfdən ibarət latın əsaslı saxa əlifbasını hazırlayıb. Həmin il “Saxalı suruk-biçik” adlı əlifba kitabı da çap olunub. Artıq 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində bütün ibtidai saxa məktəblərində bu əlifba ilə saxa dili və folkloru öyrədilib.

Yakut Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 1924-cü il 16 fevral tarixli qərarına əsasən Yakut Yazısı Komitəsi yaradılıb və Platon Oyunski qurumun sədri olub. Elə həmin vaxtdan S.Novqorodovun transkripsiyasının təkmilləşdirilməsi istiqamətində müzakirələrə başlanılıb. Yəni, Birinci Türkoloji Qurultayda irəli sürülmüş latın qrafikasına keçid saxa türkləri üçün əslində yeni məsələ olmayıb.

1923-cü ildə Şimali Qafqazın dağlı xalqlarının maariflənməsi üzrə Birinci Konfrans keçirilib və burada qeyd olunan üç xalqla yanaşı, qaraçaylar üçün də razılaşdırılmış latın qrafikalı əlifba layihəsi təsdiqlənib. 1925-ci ildə abxazlar akademik Nikolay Marrın təklif etdiyi latın əsaslı əlifbaya keçiblər.

“Din xalq üçün tiryəkdir” şüarı altında Kiril və ərəb əlifbalarından imtina etmək həmin dövrün əsas siyasi məqsədlərindən biri idi. Bolşeviklər hər yerdə latın qrafikasının tətbiqinə şərait yaradır, kargüzarlıq bu əlifbada aparılır, dərsliklərin, əlifbaların, qəzet və jurnalların çapı üçün vəsait ayrılır, müəllimlər bu istiqamətdə hazırlanırdı. Orta Asiyanın bəzi bölgələrində latınlaşmaya qarşı müqavimət olduğundan, Mərkəz yeni əlifbaya keçidi sanki yerli ziyalıların təşəbbüsü kimi təqdim edirdi.

1926-cı ildə Azərbaycanın təşəbbüsü ilə Bakıda Birinci Türkoloji Qurultay keçirilib. Məqsəd Qafqaz və türk xalqlarının vahid latın qrafikalı əlifbaya keçidi ilə bağlı ümumi qərara gəlmələri idi. Qurultayda qəbul edilən bütün qərarlar artıq Ümumittifaq Kommunist Partiyası (b) Mərkəzi Komitəsinin direktivlərində əksini tapmışdı. Bir il sonra müxtəlif xalqların nümayəndələrinin Köhnə meydanda təsdiqlədiyi qərar əsasında Yeni Türk Əlifbasının Ümumittifaq Mərkəzi Komitəsi yaradıldı. 1931-ci ildən komitənin adından “türk” sözü çıxarıldı. Bu isə elə bir dövr idi ki, Mərkəzi Komitə rus əlifbasının latınlaşdırılmasını artıq kəskin şəkildə dayandırmışdı.

Xəbər lenti