Logo

Türkiyəli professorlar BMU-da SABAH proqramı çərçivəsində tədrisə cəlb olunublar

28.11.2025 13:31 19 baxış
IMG

Türkiyənin İstanbul Cerrahpaşa Universitetinin professorları Aysel Ersoy, Rüya Şamlı və Düzce Universitetinin dosenti Serdar Biroğul Bakı Mühəndislik Universitetində (BMU) olublar. BMU rəhbərliyinin dəvəti ilə baş tutan səfərin məqsədi SABAH proqramı qruplarında əsas ixtisas fənlərinin tədrisinə dəstək göstərməkdir.

BMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, nümayəndə heyəti İnformasiya və kompüter texnologiyaları fakültəsində informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə dərslərə qatılıblar. Bundan başqa, türkiyəli professorlar tərəfindən “Kompüter mühəndisliyinin əsasları”, “Kompüter elmlərinə giriş”, “Proqramlaşdırmanın əsasları”, “Veb proqramlaşdırma” və “Veb sistemləri və texnologiyaları” fənləri üzrə mühazirələrin oxunması, praktiki məşğələlərin və laboratoriya dərslərinin təşkili həyata keçirilir.

Professor və dosentlərin fakültə rəhbərliyi, həmçinin professor-müəllim heyəti ilə görüşləri təşkil olunub. Görüşlərdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, fənn proqramlarının yenilənməsi, qabaqcıl tədris metodikasının tətbiqi, birgə elmi tədqiqatların aparılması, elmi məqalələrin hazırlanması və dərc olunması, doktorantlara birgə rəhbərlik kimi məsələlər müzakirə edilib.

Tərəflər əməkdaşlığın mütəmadi və sistemli şəkildə davam etdirilməsini məqsədəuyğun sayıblar.

Xəbər lenti