"Bu gün keçirilən tədbir ümumtəhsil məktəblərdə rəqəmsallaşma istiqamətində atılan ən irimiqyaslı addımlardan biridir. Bildiyiniz kimi, 2017-ci ildən etibarən Azərbaycan məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsi icra olunur. Bu layihə şagirdlərdə alqoritmik düşüncə, komandada işləmə bacarıqları və yüksək texnologiyalardan istifadə imkanlarını inkişaf etdirməyə yönəlib"
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin final mərhələsi zamanı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, layihə çərçivəsində hər il müsabiqələr təşkil olunur:
"Bu, bir olimpiada hərəkatı və bilik yarışıdır. Bu il rekord sayda təxminən 350 min şagird bu prosesdə iştirak edib. İlk dəfə belə geniş miqyasda iştirak təmin olunub. Bu gün burada yarımfinala yüksələn şagirdlərimiz öz bacarıqlarını nümayiş etdirirlər. Yekunda 30 şagird qalib olaraq mükafatlandırılacaqlar".
Eşqi Bağırov həmçinin bildirib ki, müsabiqə yerli səviyyədə təşkil olunur və iştirakçılar yalnız yerli şagirdlərdir. Dekabrın 1-də qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.