Logo

Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” plakat sərgisi

14.10.2020 11:17 526 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) rəssamlıq fakültəsinin müəllim-professor və tələbə heyəti tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır!” plakat sərgisinin açılış mərasimi keçirilib.

Sərgi Prezident İlham Əliyevin cəsarətli və müdrik  siyasəti ilə başlayan Vətən müharibəsində müzəffər ordumuzun göstərdiyi qələbələrdən doğan qürur və sevinc hisslərini əks etdirir.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Ceyran Mahmudova təqdim olunan plakatların qısa müddətdə ərsəyə gətirildiyini söyləyib və müəlliflərin əməyini yüksək dəyərləndirib.

Rektor bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağdan uzaqda yerləşən şəhər və rayonlarını, mülki əhalini hədəfə alması hər kəsi hiddətləndirir:” ADMİU-nun kollektivi hər zaman ordumuzu, Ali Baş Komandan, Prezident İlham Əliyevi və dövlətimizi dəstəkləyir”.

C.Mahmudova yaxın günlərdə universitetdə ordumuza dəstək məqsədilə müəllim və tələbələrin əl işlərindən ibarət xeyriyyə auksionunun təşkil olunacağını söyləyib və hər kəsi bu işdə fəal olmağa dəvət edib.

Sonra ADMİU-nun rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi Vüqar Əli sərgi haqqında fikirlərini bölüşüblər.

Sərgi oktyabrın sonunadək davam edəcək.

Xəbər lenti