Logo

“Müəllimlər otaqda maskasız otururlar” – Professordan etiraz

13.10.2020 17:09 492 baxış
IMG

Koronavrus yenidən aktivləşib.

Artıq dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında artan tendensiyada müşahidə olunur.

Son günlərin statistikasından da görünür ki, Azərbaycanda epidemik vəziyyət gərginləşib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, pandemiya ilə yanaşı payız və qış fəsillərində mövsümü qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir. Bu da durumu daha da ağırlaşdırır və yoluxmanın geniş vüsət aldığı təqdirdə qapanma ehtimalını artırır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında deyib ki, hərbi vəziyyətlə əlaqədar ölkədə vüsət alan və arealı artan koronavirus unudulub. İnsanlar sosial məsafənin qorunması, maskadan istifadə kimi vacib şərt və məsuliyyətləri qulaqardına vurub:

“Qapanmaya ehtiyac görmürəm. Sadəcə, vətəndaş məsuliyyəti artsa, insanların bu məsələyə düzgün yanaşarsa və karantin şərtlərinə əməl edilərsə, qapanmaya ehtiyac qalmaz. Əsas odur ki, məktəblərdə, avtobuslarda, metro və dayanacaqlarda maskadan istifadə olunsun. Bu dəqiqələrdə mən “Torqovı”dayam, insanların heç birində maska görmürəm. İnsanlar situasiyanı “iqnor edirlər”. Əksəriyyət maskanı çənəsində saxlayır. Bu şəkildə qapalı mühitdə də, küçədə də gəzirik. Müəllimlər otağında maskasız otururlar. Beləcə də yoluxma artır. İstər müharibə, istərsə də başqa br vəziyyət olsun, pandemiya hələ bitməyib. Bir var ki, insan döyüşdə düşmənlə üz-üzə ölür, bir də var ki, koronavirusdan ölür. Bunu insanlar dərk etməli və məsuliyyəti artırmalıdırlar. Maska taxmağa, gigiyena qaydalarına əməl etməyə heç nə maneə olmamalıdır”.

Həkimin sözlərinə görə, bu gün yoluxmanın artmasına səbəb vətəndaş məsuliyyətsizliyidir:

“Onunla razıyam ki, pandemiya yaddan çıxıb, maarifləndirmə getmir. Televiziya kanallarında sanki bu haqda məlumat verilmir. Bu da ciddi nöqsanlardandır. İstənilən halda özümüz durumu ağırlaşdırmamaq üçün diqqətli və məsuliyyətli olmalıyıq”.

Xəbər lenti