Logo

Çində müasir təhsil sistemi

25.05.2021 09:27 1576 baxış
IMG

Çində müasir təhsil sistemi hökumətin nəzarəti altındadır.

 

Çində uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsilə cəlb olunur. 6 illik ibtidai təhsilə bölgələrdən asılı olaraq 6 və ya 7 yaşlı uşaqlar qəbul edilir. Orta təhsil isə 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir. Bəzi əyalətlərdə ibtidai təhsil 5 il davam edir. Bu halda aralıq məktəblərdə təhsilin müddəti 4 il təşkil edir.

 

Ölkə üzrə ibtidai və orta təhsil pilləsində oxuyan şagirdlərin sayı 200 milyon nəfəri ötür. İbtidai və orta təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hökumətin ayırdığı xüsusi maliyyə vəsaiti yeni məktəblərin tikilməsi, təmiri, bərpası və lüzumsuz məktəblərin ixtisarı üçün nəzərdə tutulur. İbtidai və orta təhsil pilləsində adambaşına maliyyələşmə modelinin tətbiqi genişləndirilir, tədris və tədqiqat avadanlıqları, kitablar, dərsliklər, əyani vəsaitlər hər il yenilənir.

 

2006-cı ildən Çin 9 illik pulsuz icbari təhsil sistemini qəbul edib. İcbari təhsil 2 pillədən ibarətdir:

 

  • ibtidai təhsil;
  • əsas təhsil.

 

Bu ölkədə uşaqlar 6 yaşdan 15 yaşa qədər icbari təhsil almalıdırlar.

 

İcbari təhsil haqqında qanunda Çinin ərazisi 3 kateqoriyaya bölünmüşdür:

 

  • şəhərlər və iqtisadi cəhətdən inkişaf etmiş əyalətlər;
  • rayonlar və orta səviyyədə inkişaf etmiş kəndlər;
  • iqtisadi cəhətdən kasıb ərazilər.

 

Statistik göstəricilərə görə, 2007-ci ildə Çin Xalq Respublikasında 396.567 ibtidai məktəb, 94.116 orta məktəb və 2.236 ali məktəb fəaliyyət göstərib. 2007-ci ilin statistik məlumatlarına əsasən ölkədə yaşı 15-dən yuxarı olan əhalinin 93,3 faizi savadlıdır.

 

2009-cu ildə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PİSA) çərçivəsində 15 yaşlı məktəb şagirdləri arasında keçirilmiş tədqiqatlarda Çin riyaziyyat, təbiət elmləri və ədəbiyyat üzrə ən yaxşı nəticəyə nail olub. Müəyyən edilib ki, Çinin ən ucqar əyalətlərindəki şagirdlərin müvafiq göstəriciləri orta həddə yaxındır.

 

Ölkə üzrə sentyabrın 1-dən başlayan tədris ili 2 semestrdən ibarətdir. Hər bir semestr 19 həftə davam edir. Bundan əlavə, 1 həftə əlverişsiz hava şəraiti ehtimalına görə ehtiyatda saxlanılır. İyul və avqust ayları yay, yanvar və fevral ayları isə qış tətili hesab olunur. İbtidai və orta təhsil pilləsində tədris həftəsi 5 günlükdür.

 

İstedadlı və təlim çətinlikləri olan uşaqların təhsilinin xüsusi qaydalar əsasında təşkil edilməsinin vacibliyi ilə əlaqədar 1985-ci ildə müvafiq proqram təsdiq olundu. Proqramda istedadlı şagirdlər və təlim çətinlikləri olan uşaqlarla bağlı müddəalar əksini tapdı. Ciddi əqli və fiziki qüsuru olan uşaqların təhsili ilə bağlı dövlət müəyyən addımlar atsa da, onların təhsilinə valideynlər cavabdehlik daşıyır.

 

Hazırda Çində 1540 xüsusi təhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə təhsil alanların sayı 375000 nəfər təşkil edir. Bundan əlavə, Çində fiziki və əqli qüsuru olan uşaqlar üçün 100 peşə təlimi müəssisəsi, 3000 standart peşə məktəbi, eşitmə çətinlikləri olan uşaqların reabilitasiyası üçün 1700 təlim təşkilatı vardır. Hər il minlərlə fiziki qüsuru olan şagird ali təhsil müəssisələrinə daxil olur.

 

Çində yaşlıların təhsili müxtəlif formalarda həyata keçirilir. Yaşlıların təhsili vasitəsilə ölkə vətəndaşlarının siyasət, iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və digər sahələr üzrə hazırlığı təmin edilir. Yaşlıların təhsili ilə məşğul olan 528 müəssisənin 65 faizində magistratura, 30 faizində isə bakalavr təhsili verilir. Belə təhsil müəssisələrinə fəhlə, media, qiyabi və axşam universitetləri, idarəetmə və təhsil kollecləri daxildir. Yaşlıların orta təhsili müəssisələri isə peşə və media məktəbləri, bacarıq təlimi müəssisələrindən ibarətdir. Fəhlə ibtidai məktəbləri yaşlıların ibtidai təhsil müəssisələri hesab olunur. Onu da qeyd edək ki, yaşlıların təhsili əyani, qiyabi, özünütəhsil və distant təhsil formasında təşkil olunur.

 

Ölkədə mütəşəkkil müəllim hazırlığı sistemi mövcuddur. Çində müəllimlik peşəsi ən mötəbər peşələrdən biri kimi qəbul olunur. Gənc müəllimlər hər zaman təcrübəli pedaqoqların dərslərini müşahidə edir, özlərini daha yaxşı tərəfdən göstərmək üçün var qüvvələri ilə çalışırlar. Müəllimlər mütəmadi olaraq fasiləsiz peşə hazırlığına cəlb olunurlar. Müəllimlərin təhsili iki istiqamətdə aparılır:

 

  • ilkin müəllim hazırlığı – 4 illik müəllim hazırlığı institutları, o cümlədən adi universitetlər və kolleclər, 3 illik müəllim hazırlığı kollecləri və orta məktəb müəllimlərinin hazırlığı müəssisələrində təşkil olunur;
  • ixtisasartırma təhsili – müvafiq institutlar və müəllimlərin ixtisasartırma təhsili məktəblərində həyata keçirilir.

 

1985-ci ildən hökumət vergi əsasında maliyyələşən ali təhsil sistemini ləğv edib. Bununla da abituriyentlərin akademik qabiliyyət əsasında təqaüdlər uğrunda rəqabət aparmasına şərait yaranıb. 1980-ci illərin əvvəllərində ilk özəl ali təhsil müəssisələrinin əsasının qoyulmasına icazə verilib.

 

Çində ali təhsilin səviyyəsi yüksək, əhatə dairəsi çox genişdir. Son 10 ildə bakalavr pilləsində təhsil alanların və doktorluq dərəcəsinə malik olanların sayı dəfələrlə artıb. Ölkədə 100-dən çox nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan ən tanınmışı Pekin və Tsinxua universitetləridir.

 

Çində təhsil xərcləri ilbəil artaraq hazırda 100 milyard ABŞ dollarını ötüb. 1980-ci illərin əvvəllərindən başlayaraq elm və texnologiyanın inkişafı təhsil strategiyasının prioritetinə çevrilib.

 

Ali təhsil pilləsində ümumi xərclərin müəyyən faizi həcmində təhsil haqqı tələb olunur. Aztəminatlı ailələrdən olan tələbələrin ali təhsil almasını asanlaşdırmaq üçün hökumət səmərəli yardım metodlarından istifadə edir. Belə yardım paketinə təqaüdlər, "oxu və işlə" proqramları, aztəminatlı ailələrdən olan tələbələrə əlavə yardımların olunması, təhsil haqqının azaldılması və ya tam aradan qaldırılması, dövlət təqaüdlərinin verilməsi daxildir.

 

Ölkədə milli azlıqlar üçün təhsil ocaqları da var ki, onlar bir sıra iri şəhərlərin nəzərə çarpan xüsusiyyətinə çevrilmişdir.

Xəbər lenti