Logo

Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlər keçirir

18.05.2021 13:50 341 baxış
IMG

Gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə "Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri" mövzusunda onlayn təlimlər keçirilir.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin birgə təşkil etdiyi təlimlər mayın 17-dən başlayaraq 22-dək davam edəcək.

 

Tədbirin açılış mərasimində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Mərkəzlə Gömrük Akademiyası arasında yaranmış səmərəli və işgüzar münasibətlər, faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, prokurorluğun və gömrük orqanlarının peşəkar və təcrübəli əməkdaşlarının təlimçi qismində cəlb edildiyi təlimlər gömrük orqanlarının təhqiqat və əməliyyat-axtarış fəaliyyəti sahəsində xidmət aparan əməkdaşlarının peşə hazırlığının daha da yüksəldilməsi üçün faydalı olacaq.

 

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq arasında faydalı və səmərəli əməkdaşlıq platformasının qurulduğunu, bu platformanın tədris sahəsində də inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırıb. Qulu Novruzov gələcəkdə həm birgə təlim proqramlarının hazırlanması, həm də təlim prosesinin səmərəli həyata keçirilməsi ilə bağlı uğurlu əməkdaşlıq formatı qurulacağına ümid etdiyini deyib.

 

Təlimlərə cəlb olunan əməkdaşlara dərslər onlayn platforma üzərindən müvafiq cədvəl üzrə keçirilir.

 

Təlimlərin proqramını Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Gömrük Akademiyası birgə hazırlayıb.

 

Proqram - "Əməliyyat-axtarış tədbirləri və metodları, onların elmi-nəzəri, hüquqi əsasları, praktiki məsələləri və bəzi problemləri", "Aşkar edilmiş hüquqpozma faktları üzrə foto və videoçəkilişdən istifadəyə dair qanunvericilikdən irəli gələn tələblər", "Əməliyyat-axtarış tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı sənədlər, onlara verilən tələblər və nəticələrinin sənədləşdirilməsi", "Aşkar edilmiş hüquqpozma faktları üzrə videoçəkilişdən istifadə metodikası", "Əməliyyat-axtarış tədbirlərinin nəticələrinin cinayət mühakimə icraatında və digər istiqamətlərdə istifadə edilməsi" və digər mövzuları əhatə edən mühazirələr, mühazirə-təqdimatlar və praktiki məşğələlərdən ibarətdir.

 

Mühazirə və məşğələlər DGK Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov, Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin rəisi İlkin Bağırov, Gömrük Akademiyasının "İxtisas fənləri" kafedrasının baş müəllimi Şahin Hüseynov və Baş Prokurorluğun ETM, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin məsul vəzifəli şəxsləri ilə birgə aparılır.

Xəbər lenti