Logo

BMU-da “Gələcəyin müəllimləri” mövzusunda təlim keçirilib

18.05.2021 10:52 341 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin müəllimləri” mövzusunda təlim keçirilib.

 

Mərkəzin direktoru Cəmil Məmmədov iştirakçıları salamlayaraq təlimin tələbələr üçün faydalı olacağına əminliyini bildirib.

 

Universitetin Pedaqoji fakültəsinin tələbələri üçün nəzərdə tutulan təlim Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov tərəfindən aparılıb.

 

M.Məhərrəmov Azərbaycanda ümumi təhsilin dövlət standartlarından, eyni zamanda təhsilin inkişafı üzrə dövlət strategiyasından bəhs edib. O, BMU-nun bir neçə sahədə, o cümlədən pedaqoji sahədə ən yaxşı mütəxəssislər yetişdirən ali təhsil müəssisəsi olduğunu söyləyib.

 

Şöbə müdiri müəllimin vəzifələrindən söz açaraq nəzərə çatdırıb ki, müəllim tədris etdiyi fənni mükəmməl bilməli, baza təhsili tədris etdiyi fənnə uyğun olmalı, həmçinin tədris etdiyi fənnə dair yenilikləri təqib etməlidir.

 

M.Məhərrəmov bildirib ki, müəllim şagirdlərin necə öyrəndiklərini, bilik və bacarıqlarını necə inkişaf etdirdiklərini bilməli, öyrənməyə uyğun mühiti təmin etməlidir. Bununla yanaşı, o, çıxışında dövlətinə, qanunlara bağlı vətəndaş yetişdirməyin vacibliyini vurğulayıb.

 

Təlim zamanı tələbələr arasında mövzu ilə bağlı sorğu keçirilib.

 

Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev belə bir təlimin təşkil olunmasında əməyi keçən hər bir kəsə təşəkkürünü ifadə edib. O, fakültə olaraq əsas prioritetin ölkəmiz üçün yüksək pedaqoji təcrübəyə malik müəllimlərin yetişdirmək olduğunu söyləyib.

 

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbər lenti