Logo

“Heydər Əliyevin azərbaycançılıq ideologiyası filoloji fikir kontekstində” mövzusunda elmi konfrans

17.05.2021 16:42 396 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin azərbaycançılıq ideologiyası filoloji fikir kontekstində” mövzusunda onlayn respublika elmi konfransı keçirilib. Tədbirin moderatoru - Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə konfransın mövzusunun aktuallığından danışıb, təşkilat komitəsinə təqdim olunan məqalələr haqqında məlumat verib. Qeyd olunub ki, respublikamızın 12 elm və təhsil müəssisəsindən ümumilikdə 81 məqalə təşkilat komitəsi tərəfindən müsbət qiymətləndirilib.

 

Konfransı giriş sözü ilə açan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qonaqları salamlayaraq, Ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində apardığı islahatlardan, banisi olduğu azərbaycançılıq ideologiyasından, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən danışıb.

 

BDU-nun Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı məruzə ilə çıxış edərək, Ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz tarixi xidmətlərindən, Ulu öndərin şəxsiyyətinin formalaşmasında ədəbiyyatın rolundan, onun Azərbaycan ədəbiyyatına, ədəbiyyat xadimlərinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Həmçinin məruzədə H.Əliyevin rəhbərliyi və təşəbbüsü ilə görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin qeyd olunması, Qarabağın maddi-mədəni irsinin qorunması ilə bağlı həyata keçirdiyi işlərdən, habelə bu ənənələrin müasir mərhələdə uğurla davam etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rolundan geniş söz açılıb.

 

Sonra BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova “Heydər Əliyevin çıxışlarında milli-mənəvi dəyərlərə bağlılıq”, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva “Dərin zəka sahibi, milli lider, xarizmatik insan”, “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva “Azərbaycan folkloruna tarixi töhfə verən şəxsiyyət”, Türkoloji araşdırmalar ETL-in elmi işçisi Ramil Bayramov “Heydər Əliyevin dil siyasətində “Azərbaycan dili” anlayışı”, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Pərvin Bayramova “Heydər Əliyevin nitqində qeyri-verbal ünsiyyət vasitələrindən istifadə” adlı məruzələrlə çıxış ediblər.

 

Plenar iclasdan sonra konfrans öz işini iki bölmə iclasında davam etdirib. Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyevin sədrliyi ilə “Ədəbiyyatşünaslıq” və Türkologiya kafedrasının professoru Elbrus Əzizovun sədrliyi ilə “Dilşünaslıq” bölmələrində filologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.

Xəbər lenti