Logo

Naxçıvanda şagirdlərin muzeylərə ekskursiyaları təşkil olunub

17.05.2021 14:06 421 baxış
IMG

Naxçıvanda şagirdlərin tariximizi, mədəniyyətimizi hərtərəfli öyrənmələri, maddi-mədəni irsimiz ilə yaxından tanış olmaları daim diqqətdə saxlanılır, muxtar respublikanın Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.

 

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu tədbirlərin davamı olaraq 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyaları təşkil olunub.

 

Ekskursiya zamanı muzey bələdçisi bildirib ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunub. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi cəmiyyətin həyatında muzeylərin nə qədər mühüm rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində keçirilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də hər il Beynəlxalq Muzeylər Günü qeyd edilir.

 

Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir ki, onun 29-u muxtar respublika ərazisində yerləşir. Muxtar respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi zəngin mədəni irsimizin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Ümumilikdə, bu gün muxtar respublikanın muzeylərində 115 mindən çox maddi-mədəniyyət nümunəsi qorunub mühafizə olunur.

 

Daha sonra şagirdlər muzeyləri gəzib, burada sərgilənən eksponatlar haqqında ətraflı məlumat alıblar. Şagirdlər xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olub, muzeylərin kolleksiya fonduna baxıblar. Ekskursiya zamanı şagirdlərə ölkə əhəmiyyətli memarlıq abidələri barədə də ətraflı məlumat verilib.

 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti