Logo

“Vikipediya”nın gürcü dili bölməsi Azərbaycanla bağlı məqalələrlə zənginləşdirilir

15.05.2021 18:33 323 baxış
IMG

“Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı məqalələrin yaradılması daim diqqətdə saxlanılır. Xaricdə yaşayan gənclərimiz də onlayn ensiklopediyada ölkəmizlə bağlı müxtəlif dillərdə məqalələrin yaradılmasında fəal iştirak edirlər. Belə ki, Gürcüstanın Marneuli rayonunda “İnkişaf və Təhsil” Mərkəzinin nəzdində fəaliyyət göstərən “Vikipediya” klubunun yeni qrupu “Qorqud” Vikipediya Metodik Klubunun onlayn təlimlərində iştirak ediblər.

 

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, təlimlərin keçirilməsində əsas məqsəd “Vikipediya”nın gürcü dili bölməsində Azərbaycanla bağlı məqalələrin zənginləşdirilməsini etibarlı, əsaslı mənbələrlə yaratmaqdır. “Vikipediya” üzrə qrupun üzvləri təlimlərə böyük maraq göstərir və həvəslə iştirak edirlər. İştirakçılar əsasən gənclərdən təşkil olunub. “Vikipediya”nın prinsiplərinə uyğun fəaliyyət göstərmək üçün təlimdə iştirak edənlərə maksimum qaydalar öyrədilir. Çünki onlayn ensiklopediyada məqalə yaratmaq və ya yaradılmış məqalələri redaktə etmək faydalı, eyni zamanda, məsuliyyətli işdir. Həm də məqalələr qaydalar çərçivəsində yaradılarsa və redaktə olunarsa, səliqəli, məzmunlu və maraqlı olar.

 

Qeyd edək ki, təlimlər Milli Məclisin deputatı Elnur Allahverdiyevin, “İnkişaf və Təhsil” Mərkəzinin sədri Emin Əhmədovun təşəbbüsü ilə keçirilir.

Xəbər lenti